11 oktyabr 2024 13:18
424

Adil Kərimli Azərbaycan Dövlət Kukla Teatrında olub

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında olub, kollektivlə görüşüb söhbət edib.

Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, 93 illik zəngin keçmişə malik, milli kuklaçılıq ənənələrini layiqincə yaşadan sənət ocağı haqqında söz açan nazir dövlət teatr müəssisələri ilə ilk görüşün məhz bu teatrla başlanmasının təsadüfi olmadığını bildirib.

Bildirilib ki, teatr tamaşa-plan göstəriciləri, repertuar siyasəti, daxili və xarici qastrollar, beynəlxalq festivallarda iştirak baxımından öz fəaliyyəti ilə seçilir.

Qarşıda duran məqsəd və vəzifələrdən danışan nazir yeni dövrün çağırışlarının teatrların fəaliyyətində nəzərə alınmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, çağdaş sənət meyilləri, dünya teatr prosesinə inteqrasiya ilə yanaşı, milli ənənələrə əsaslanan repertuar siyasəti qurulmalıdır. Eyni zamanda istedadlı, ixtisaslı gənclərin sənət ocağına cəlb edilməsi, yaradıcı və texniki heyətin xarici ölkələrdə təkmilləşmə kurslarında, ustad dərslərində iştirakı da diqqətdə saxlanılmalıdır.

Daxili qastrol marafonunun bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən nazir sənət ocağının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səmimi görüşə, kollektivin fəaliyyəti haqqında xoş sözlərə görə nazirə təşəkkürünü bildirib.

Direktor fəaliyyətlərində nazirliyin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayıb. O, ölkədəki 5 kukla teatrı üçün mərkəz funksiyasını yerinə yetirən Azərbaycan Dövlət Kukla Teatrının statusu ilə bağlı məsələni qeyd edib, eləcə də ömrü şırma arxasında keçən kuklaçıların əməyinin qiymətləndirilməsini arzuladıqlarını diqqətə çatdırıb.

Teatrın mütəmadi şəkildə yüksək kateqoriyalı beynəlxalq festivallarda iştirak etdiyini deyən direktor vaxtilə ölkəmizdə keçirilən “Cırtdan” Bakı Beynəlxalq Kukla Teatrları Festivalı formatında yeni bir layihənin həyata keçirilməsinin əhəmiyyətli olacağını bildirib.