11 oktyabr 2024 13:41
412

Adil Kərimli: Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.

Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı binasının ikinci mərtəbəsində keçirilən görüşdə nazir Yuğ Teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib.

Bildirilib ki, teatr maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də ölkəmizi uğurlu təmsil edir.

Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın heyəti ilə görüşə gəldiyi üçün nazirə təşəkkür edib.

Direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən Yuğ Teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.

Adil Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.