13 oktyabr 2024 15:30
401

Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür

Görkəmli şərqşünas-alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev Azərbaycanda şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafına mühüm töhfələr verib, özündən sonra böyük irs qoyub. Zəngin elmi və pedaqoji fəaliyyəti ilə seçilən Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. 1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Vasim Məmmədəliyev və Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-a istinadla akademik Vasim Məmmədəliyevin anım günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb, 1964-cü ildə universitetin aspiranturasına qəbul olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev Şərqşünaslıq fakültəsinin dekanı (1981-1991), humanitar fakültələr üzrə prorektor (1991-1992), İlahiyyat fakültəsinin dekanı (1993-2018) vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək Ərəb filologiyası kafedrasına rəhbərlik edib. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə edib və 1979-cu ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri olub. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfədir. Akademik Vasim Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” əsərləri ilə bu sahənin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi qənaətləri klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına zəmin yaradır.

V.Məmmədəliyevin İslam dininin təbliği, eyni zamanda, bu sahədə elmi kadrların hazırlanmasında müstəsna xidmətləri olub. Bakı Dövlət Universitetində akademikin vaxtilə rəhbərlik etdiyi İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. Alim AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiələrdə iştirak edən akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəməyib.

Onun işıq üzü görmüş son biblioqrafiyasında 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib. Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

Akademik Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də 77 yaşında Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.