15 oktyabr 2024 01:57
73

Füzulinin azad edilməsi Ermənistanın hərbi-siyasi planlarını darmadağın etdi

Bu əməliyyat sürətinə və peşəkarlığına görə hərb tarixinə qızıl hərflərlə yazıldı

İkinci Qarabağ müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Xatırladaq ki, 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun böyük bir hissəsi işğal olunmuşdu. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində ordumuz rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi. Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri işğalçılardan təmizləndi.

Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə seçilirdi. Belə ki, ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkələrnin hərbi məktəblərində maraqla öyrənilir. 44 günlük Zəfər savaşında hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də qürur hissi ilə xalqa çatdırdı: «Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!»

Bütün dünya bilir ki, Birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalan Füzuli 27 il ərzində ermənilər tərəfindən darmadağın edilərək xarabalığa çevrilmişdi. Vətən müharibəsində Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız mənzərə çox dəhşətli idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı.  Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü «bayraq sancmağa heç bir yer tapmadıq»- deyərkən, Füzulinin acı mənzərəsini aydın canlandıra bilmişdi.

Vətən  müharibəsinin ilk günündə Füzuli istiqamətində Horadiz, Qərvənd, Qaraxanbəyli kəndlərinin, Cəbrayılda isə Böyük mərcanlı, Nüzgar kəndlərinin, Kəlbəcərdə Murovdağ zirvəsinin azad edilməsi düşmən cəbhəsinin yarılması ilə nəticələndi. Ağır itkilər verən Ermənistan silahlı qüvvələri geriyə çəkilməyə başladılar. Düşmənin keçilməz «Ohanyan səddi» adlandırdığı istehkam xətti qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində bir neçə saat ərzində yarıldı. Hərbi əməliyyatlar kompleks şəkildə və planlı aparılırdı. Kənd Horadiz istiqamətindən yüksəkliklərə irəliləyən kəşfiyyat qrupları, artilleriya bölmələrinə ötürülən dəqiq koordinatlar və nəticədə düşmənin məhv edilməsi bizi qələbəyə yaxınlaşdırırdı. Ermənistan silahlı qüvvələrinin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və düşməni yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.

Növbəti gün Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Ordumuz erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmaqla onların belini bir daha qırmış oldu.  Belə ki, oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Düşmən təlaşla arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər - Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın isə Doşulu kəndləri düşməndən təmizləndi.

Füzuli əməliyyatına bir gün qalırdı. Hələ azad olunası bir neçə yüksəklik vardı. Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi və beləliklə, Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatmışdı. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planının sonuncusunu da uğurla yekunlaşdırdılar - Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli ətraf kəndləri azadlığa qovuşdu. Uğurlu əməliyyat nəticəsində düşmən məhv edildi, yüzlərlə hərbi texnika, silah-sursat qənimət kimi götürüldü. Müharibənin gedişində Füzuli döyüşən şəhər adını qazandı. Füzuli əməliyyatı hərbi kitablara tövsiyə olundu. Çünki burada əsl qəhrəmanlıq göstərildi. Burada Vətəni necə sevməyin, onun üçün necə mücadilə aparmağın, necə şəhid, necə qazi olmağın son dərəcə təsirli nümunəsi yaranmışdı.

Füzuli məğlubiyyəti  Ermənistan üçün faciə oldu. Düşmən bu faciənin qisasını Gəncə terroru ilə aldı. Beşinci dəfə daha güclü raket zərbəsi ilə həm də gecə saat 2 də dinc  insanlar yatan vaxtı  Gəncəni ağır raketlərlə vurdular. Şəhərdə böyük dağıntı oldu, içərisində körpə olmaqla insanlar həlak oldular  və yaralandılar. Düşmənin istəyi xalqımızda ruh düşkünlüyü yaratmaq, ölkə rəhbərini torpaqların azad olunmasından daşındırmaq idi. Təbii ki, baş verənlər xalqımızı incitdi, lakin sındırmadı. Gəncə başda olmaqla bütün şəhərlərimiz qürurla, bu ağrılara sinə gərdi. Ən başlıcası isə Prezident İlham Əliyev təmkinin pozmayaraq emosional qərarlar vermədi. Yəni,  müharibəni ləyaqətlə davam etdirdi. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Bu  isə düşmənə verilən ən sərt cavab  idi.  

Ümumiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Füzuli Zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 17-də Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırması isə hər birimizi qürurlandırdı. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunub.

Qeyd edək ki, bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində bu şəhərin yerli sakinləri artıq öz doğma yurdlarına əbədi dönüşün sevincini yaşayırlar. 2021-ci il yanvarın 14-də təməli atılan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi doqquz aya inşa edildi və oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddətdə tikilən ilk hava limanıdır.  Hazırda yenidən inşa edilən Füzuliyə minlərlə keçmiş məcburi köçkün qayıdıb və burada firavan həyatlarına başlayıblar. Böyük Qayıdış Proqramına uyğun olaraq burada məktəblər, bağçalar tikilir, ən müasir infrastruktur yaradılır. Təbii ki, yaxın bir neçə ildə Füzulidə məskunlaşmanın başa çatdırılması da Dövlət Proqramına salınıb.

Elçin Zaman, «İki sahil»