15 oktyabr 2024 00:59
82

Makronun əsirinə çevrilənlər...

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yaxınlaşdıqca vahid mərkəzdən, yəni ABŞ və Fransadan idarə olunan anti-Azərbaycan qüvvələr insan hüquqları bəhanəsi ilə ölkəmizə qarşı hücumları intensivləşdiriblər.

Fransa, Litva, Kanada kimi bu hücumların önündə gedənlərdən biri də Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasıdır. Azərbaycanın qaçqın və məcburi köçkün probleminə diqqət yetirməyən, Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına  hələ də biganə yanaşan, bütün bunlarla bağlı heç vaxt açıqlama verməyən,  qanlı müstəmləkə keçmişinə malik olan bu ölkənin parlamenti iddia edir ki, guya saxlanılanlar hərbi əsirlərdir. Halbuki, tutarlı faktlar əsasında rəsmi Bakı dəfələrlə bəyan edib ki,  onlar Azərbaycan ərazisində separatçılıq, qəsdən adam öldürmə, işgəncə, terrorçuluq və digər insanlıq əleyhinə ağlasığmaz cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Hətta onlar “Azərbaycan xalqını Xəzərə tökmək” niyyətlərini açıq ifadə edirdilər. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, Bakıya qədər gələcəklərini deyirdilər, gəldilər, amma qolları qandallı, gözləri bağlı. Bəli, indi həmin erməni separatçıları haqq etdikləri cəzalarını çəkirlər.

Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi beynəlxalq hüquqa da hörmətsizlikdir. Bu isə o deməkdir ki,  erməni lobbisinin təsiri altına düşən Niderland tərəfini saxladığı Ermənistan naminə beynəlxalq normaları sözün həqiqi mənasında ayaqlar altına  atır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol  Paşinyan açıqlamalarının heç birində Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarından söz açmır. Bu yerdə deyiblər də, it motaldan əl çəkdi, motal əl çəkmədi.

Üstəlik, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına heç bir reaksiya verməyən, hayların və onların havadarlarının saxta təbliğatına uyan, bununla da  Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən bu ölkənin parlamenti bildirir ki, beynəlxalq normalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdə guya erməni mədəni irsi təhlükə altındadır. Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası bir daha təsdiq edir ki, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Yəni, rəsmi Bakı dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin edir. Bununla da ölkəmiz tarixi multikulturalizm ənənələrinə sadiq olduğunu növbəti dəfə göstərib. Belə olan təqdirdə Srebrenitsa soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao,  Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın  bu formada atılıb-düşməsinə nə ad vermək olar? Şübhəsiz, haqqa, ədalətə, beynəlxalq hüquq normalarına qənim kəsilənlər, Azərbaycanofob siyasət yürüdənlər…

Qeyd edək ki, Niderlandın anti-Azərbaycan siyasəti ilə gündəmə gəldiyi birinci dəfə deyil. Belə ki,  Vətən müharibəsindən, eləcə də bir günlük lokal antiterror əməliyyatından sonra Niderland Parlamenti dəfələrlə ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib. Bu ilin  sentyabr ayında Niderland Krallığının hökuməti tərəfindən hazırkı səlahiyyət müddəti üçün planlarını özündə əks etdirən proqram ictimaiyyətə təqdim olunmuşdu. Həmin proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd edilmişdi. Halbuki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid yoxdur. 

Yenə ötən ay Niderlandın xarici işlər naziri erməni əsilli şəxslərn  Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsini də əsaslandırmağa çalışmışdı. Şübhəsiz, Niderlandın ölkəmizə qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir.

Bütün bunlar göstərir ki, “erməniləşmə” xəstəliyinə yoluxduğu aşkar görünən Niderland Parlamentinin Nümayəndələr Palatası, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxsləri Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılmasına əsla maraqlı deyillər. Bu mənada Litva, Kanada kimi Niderland da bölgəyə qənim kəsilən, Çənubi Qafqazda möhkəmlənmək naminə Ermənistanı silahlandıran, onun hər anti-sülh gedişini müdafiə edən Qərbin, xüsusilə Makron Fransasının əsirinə çevrilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”