26 yanvar 2026 18:10
218

Çəki atmağın sirri ACLIQ DEYİLMİŞ

İşlənməmiş qidalar daha çox yedizdirib, daha az kalori aldırır

Yeni ildə incəltməyi hədəfləyənlər üçün ən böyük çətinliklərdən biri həm kalori qəbulunu azaltmaq, həm də tox qalmaqdır. Lakin alimlər belə qənaətə gəliblər ki, düzgün qida seçimi bu problemi aradan qaldıra bilər. Yeni elmi araşdırmanın nəticələri göstərir ki, işlənməmiş qidalarla zəngin pəhriz həm daha çox yeməyə, həm də daha az kalori qəbuluna imkan yaradır.

Nüfuzlu “The American Journal of Clinical Nutrition” elmi jurnalında dərc olunan tədqiqata əsasən, təbii və işlənməmiş qidalarla qidalanan şəxslərin, işlənmiş və ya konservləşdirilmiş məhsullardan istifadə edənlərlə müqayisədə gündə orta hesabla qəbul etdikləri kalori miqdarı 330 kalori azalıb. Maraqlıdır ki, bu şəxslər kütlə baxımından daha çox qida istehlak ediblər.

Araşdırmanın müəllifi, Bristol Universitetinin professoru Ceff Branstrom bildirib ki, insan orqanizmi təkcə kalori ehtiyacına görə deyil, eyni zamanda, vitamin və mineral tələbatına uyğun olaraq da qida seçimi edir. Alimin fikrincə, bu vəziyyəti “qida savadlılığı” kimi xarakterizə etmək olar.

Tədqiqatçılar normadan artıq emal olunmuş qidalarla zəngin pəhrizin artıq kalori qəbuluna və çəki artımına necə səbəb olduğunu araşdırmaq üçün 2019-cu ilə aid əvvəlki bir tədqiqatın məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, təbii qidalarla qidalanan şəxslər makaron və qaymaq kimi yüksək kalorili məhsullar əvəzinə davamlı olaraq meyvə və tərəvəzlərə üstünlük veriblər.

Alimlərin qənaətinə görə, sağlam orqanizm insanı mikroelementlərlə zəngin qidalara yönəlməyə təşviq edən təbii mexanizmə sahibdir. Bu isə avtomatik olaraq daha aşağı kalorili, lakin daha tox saxlayan qida seçiminə gətirib çıxarır. Məsələn, ultra işlənmiş qidalarla qidalananlar A vitamininin böyük hissəsini pankekdən, qızardılmış çörəkdən və ya  tostdan alarkən, işlənməmiş qidalarla qidalananlar bu vitamini ispanaq və kök kimi tərəvəzlərdən əldə ediblər.

Professor Branstrom vurğulayıb ki, işlənməmiş qidalar kalori ilə qida dəyəri arasında bir növ “tarazlıq” yaradır və bu da ümumi kalori qəbulunu məhdudlaşdırır. Bu baxımdan problemin əsas səbəbi həddindən artıq yemək deyil, aşağı qida dəyərinə malik, yüksək kalorili məhsulların üstünlük təşkil etməsidir.

Mütəxəssislər hesab edirlər ki, bu yanaşma piylənmənin qarşısının alınmasında mühüm rol oynaya bilər. Nəticə olaraq daha çox yeyərək tox qalmaqla da arıqlamaq mümkündür. Bunun yolu isə təbii və işlənməmiş qidalara üstünlük verməkdən keçir.

Şahnigar Əhmədova, “İki sahil”