Azərbaycan və Türkiyə real məkanda olduğu kimi, kiberməkanda da güclü bir əməkdaşlıq qurur. Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları mövzusunda olan bu təlim proqramı da çox böyük əhəmiyyətə malikdir. Təlim proqramını kibermüdafiə sahəsində atılan ciddi addımlardan biri kimi qiymətləndirmək olar.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev oktyabrın 15-də Bakıda keçirilən “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlim proqramının açılış mərasimində deyib. O bildirib ki, süni intellektin bəşəriyyətə verdiyi müsbət tərəflərlə yanaşı, təhlükəli tərəfləri də var. Bunun üçün bu sahənin koordinasiya edilməsi və risklərin qarşısının alınması zəruridir. Ölkəmizdə bu sahədə çox mühüm tədbirlər həyata keçirilir.
“Elmi ictimaiyyət adından bildirmək istəyirəm ki, ölkəmizdə milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır. Bu, çox önəmlidir. Azərbaycan Prezidentinin bu istiqamətdə mövcud Sərəncam və tapşırıqları, həm Azərbaycanda kibertəhlükəsizlik üzrə daxili ekosistemi, həm də xaricə inteqrasiya olunan ekosistemi formalaşdırır. Həmçinin bu, beynəlxalq reytinqlərdə Azərbaycanın indeksini formalaşdırır.
Prezidentin Sərəncamına uyğun olaraq XRİTDX-nin apardığı fəaliyyət çox təqdirəlayiqdir. Ölkədaxili tədbirlər, sammitlər, beynəlxalq tədbirlər keçirilir, bir növ bu sahənin mərkəzləşdirilməsi həyata keçirilir. Kiberdiplomatiya konfransı - çox mühüm əhəmiyyət yaradır, yeni çağırışlar, yeni kadrlar və yeni kiberməhsulların yaradılması üçün zəmin yaradır", - deyə R.Əliquliyev əlavə edib.