15 oktyabr 2024 14:04
735

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Varşava İqtisadiyyat Universitetində sərgi açılıb - FOTO

Oktyabrın 14-də Polşanın nüfuzlu ali təhsil ocaqlarından olan Varşava İqtisadiyyat məktəbində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı baş tutub.

İcmadan “İki sahil”ə verilən xəbərə görə, sərgidə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar, Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak, Polşa - Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, incəsənət və mətbuat nümayəndələri, akademik dairələr, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən rektor P. Vaxoviak, rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək sərgiyə uğurlar arzulayıb.

Səfir Nərgiz Qurbanova qeyd edib ki, İrəvan xanlığı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynayıb.

Səfir İrəvan xanlığının tarixi barədə ətraflı məlumat verərək xanlığın tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb.

N.Qurbanova əlavə edib ki, xanlığın paytaxtı İrəvan şəhərinin adının orta əsr yazılı mənbələrində “Rəvan”, “İrəvan”, “İrivan” kimi çəkilib, şəhər 4 məhəllədən - Qala, Şəhər, Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olub. Səfir İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar çıxışı zamanı sərgiyə gələn bütün qonaqlara təşəkkür edərək bildirib ki, Qərbi azərbaycanlılar ötən əsr ərzində bir neçə dəfə deportasiyaya məruz qalıb və nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistanın Qərbi azərbaycanlıların zəngin mədəni irsinə ağır zərbələr vurduğunu, azərbaycanlıların yaşayış məntəqələrini xarabalığa çevirdiyini, əsrlərin sınağından keçmiş abidələri yerlə yeksan etdiyini qeyd edən İcma rəsmisi, Ermənistanda azərbaycanlılara məxsus 300-dən çox məscidin, yüzlərlə qəbiristanlığın məhv edildiyini bildirib. O, Göyçə aşıq məktəbinin tanınmış siması Aşıq Ələsgərin doğma kəndindəki qəbirüstü abidəsinin Ermənistan tərəfindən məhv edildiyi haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılışını həyata keçirməsini xalqımızın mətanətinin, mədəni dayanıqlıqlılığının və qayıdışa inamının simvolu olduğunu vurğulayıb. İcma rəsmisi mədəni irsə edilən hücumun həm də bütövlükdə bəşəriyyətə qarşı yönəldiyini qeyd edərək, beynəlxalq ictimaiyyəti, İcmanın ədalət yolunda apardığı mübarizəyə dəstək verməyə çağırıb.

Qeyd edək ki, oktyabr ayının 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib. İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib. Tədbirdə həmçinin Qərbi Azərbaycan mətbəxindən təamlar nümayiş olunub.