17 oktyabr 2024 15:00
125

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi yenidən bərpa edildi

Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub.  Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Düşmən baltasına tab gətirə bilməyən həmin cinarları ermənlər doğrayaraq xarici ölkələrə satmışlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salınmışdır. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etmişlər.

Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırmış, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə məhv etmişlər.
Daşbaşı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmış və ərazi yandırılmışdır

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Onlardan ən böyüyü “Şəhri Şərifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqlarıdır. Erməni vandallarının işğalı nəticəsində bütün milli, tarixi-dini abidələr məhv edilmişdir. Tarixi-dini abidələrə misal olaraq İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi və başqalarını nümunə göstərə bilərik.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi yenidən bərpa edildi. 

Səbinə Həşimli,
263 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi