18 oktyabr 2024 00:14
90

Dünya qlobal ekoloji problemlərə Azərbaycanın gözü ilə baxacaq

Ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizənin önündə gedən qüdrətli dövlət kimi tanınır

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir aydan da az qalır. Noyabr ayında keçiriləcək bu mötəbər beynəlxalq tədbir diqqəti iqlim məsələlərinə yönəltməklə yanaşı, həm də Azərbaycanı bir daha dünyaya tanıdacaq, respublikamızın inkişaf nümunələrinin möhtəşəm təqdimatına çevriləcək. Düzdür, hələ də  cəmiyyətlər üçün iqlim dəyişikliyi abstrakt problem kimi görünə bilər. Ancaq məsələnin dərindən təhlili qlobal temperaturun 2ºC-dən yuxarı qalxması ilə ekstremal hava hadisələrinin, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemlərinin də artacağını söyləməyə əsas verir. Belə şəraitdə isə təkcə ekosistemlər deyil, həm də iqtisadiyyat təhdidlərlə üzləşir. Məsələn, su ehtiyatları getdikcə tükənir, qida təhlükəsizliyi tədricən pozulur, bir çox regionlarda isə məcburi köçkünlük halları artır. Yəni, ekoloqların qəti qənaətinə görə, bu cür təhlükələrin baş verməməsi, problemlərin qarşısının alınması üçün, ilk növbədə, qlobal temperaturun 2ºC altında saxlanılması strateji prioritetdir.

Bu, bir önəmli faktdır ki, Azərbaycan neft və qazdan əlavə ölkəmizdə istehsal edilən alternativ enerjinin xaricə nəql olunması istiqamətində tərəfdaş dövlətlərlə  mövcud əməkdaşlığı daha da genişləndirir. Noyabrda gerçəkləşəcək COP29-da da ölkəmizin əsas hədəfi  yaşıl enerji növlərinin yaradılması və onların dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirməkdir. Burada diqqət çəkən məqamlardan biri də tədbirin  Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin mütləq çoxluğunun mənəvi və siyasi dəstək verməsidir. Çünki Prezident İlham Əliyevin bu günədək  həyata keçirdiyi geosiyasi xəttin dürüstlüyü və verdiyi vədlərə sadiqliyi xarici ölkələrin Azərbaycan dövlətinə və onun rəhbərinə inamını hər gün artırır.

Bu bir həqiqətdir ki,  erməni diasporu və xarici ölkələrdəki bəzi   anti-Azərbaycana qüvvələr  ölkəmizə qarşı təxribatçı hərəkətlərini davam etdirməkdədirlər. Prezident İlham Əliyevin dediyi kimi,  Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi narahat edib. Məhz buna görə də hələ ötən il bu ölkənin rəhbərliyi ilə COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə müraciət imzalayıb. Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın xeyrinə COP29 konfransına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürdyü, hətta Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar apardığı  halda Fransa hakimiyyəti  açıq şəkildə bu prosesi pozmağa çalışırdılar.  Ancaq onlar ölkəmizin gücü və nüfuzu qarşısında gücsüzdürlər. Elə ona görə də COP29-un Azərbaycanda keçirilməsinə mane ola bilmədilər.

Ölkəmiz bu  mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Eyni zamanda, COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.

Təbii ki, COP29 həm də ona görə nəhəng beynəlxalq tədbir hesab edilir  ki, burada iştirakçıların sayının təqribən 70-80 min ola biləcəyi proqnozlaşdırılır.  Bu da bir önəmli faktdır ki, bu qədər qonağı qəbul etmək və onları yerləşdirmək  böyük iqtisadi imkan tələb edir. Lakin Azərbaycan dövləti ötən illərdə müxtəlif mövzularda keçirilən möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən ən güclü turizm infrastruktru yaradıb. Bu səbəbdən də həm malik olduğumuz təcrübə, həm də geniş infrastrkutur  COP29-un yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır. Bir sözlə, COP29 ölkəmiz üçün yalnız nüfuz deyil, həm də öz yüksək potensialını təqdim eimək imkanı olacaqdır.

Təsadüfi deyil ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri «Təmiz ətraf mühit və yaşıl artım ölkəsi» kimi müəyyən olunub. Son illərdə isə Azərbaycan yaşıl enerjiyə keçidi daha da sürətləndirmək üçün bu istiqamətdə investisiyalarını əhəmiyyətli dərəcədə artırıb. O cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası «yaşıl enerji» zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində «ağıllı şəhər» və «ağıllı kənd» kimi innovativ yanaşmalar tətbiq edilməsi, su elektrik stansiyalarının yaradılması göstərir ki, ətraf mühitin qorunması prioritetdir.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 məhz hər bir şəxsin dünyamız üçün ata biləcəyi addımları önə çıxarmaq, bu istiqamətdə qələbəni reallaşdırmaq məqsədi daşıyır. Sevindirici haldır ki, az bir müddətdən sonra dünya dövlətləri bu problemləri, Bakıda müzakirə edəcək. COP 29 zamanı proqnozlaşdırılan təhlükələrə qarşı mübarizədə planet sakinlərinə ölkəmizdən çağırışlar ediləcək. Odur ki, bu il nəhəng ölkələrin, dünya ictimaiyyətinin Yer kürəsini gələcək bəlalardan xilas etməsi üçün Azərbaycanı mərkəz seçmələri hər birimizin məsuliyyətini daha da artırır.

Elçin Zaman, «İki sahil»