17 oktyabr 2024 00:14
249

COP29: Yaşıl dünya naminə beynəlxalq həmrəyliyin gücləndirilməsində xarici dil aparıcı trend kimi

Bu gün bəşər övladının yaşadığı Yer adlı planetimiz qarşıısının alınması mümkünsüz görünən  qlobal təhlükələrlə  ilə üz-üzə qalıb. Nüvə və digər ölümsaçan silahların istehsalının sürətlə artması, planetimizin ayrı-ayrı guşələrində müharibələrin, milli və etnik zəmində sonu görünməyən  münaqişələrin idarəolunmaz həddə çatması fonunda  ekoloji problemlərin həllinin çətinləşməsi, xüsusilə dövlətlərin enerji təhlükəsizliyinin təminatında gərginlik yaranması yaşıl dünya naminə qlobal miqyasda həmrəyliyin gücləndirilməsinin vacibliyini aktual vəzifə kimi qarşıya qoyur. Planetimizi, necə deyərlər, sürətlə məhvə sürükləyən bu qlobal problemi həll etmək üçün beynəlxalq miqyasda yaşıl dünya yaratmaq ideyası getdikcə özünə daha çox tərəfdar toplamaqdadır.

Belə bir şəraitdə xarici dil bilikləri yaşıl dünya naminə  beynəlxalq həmrəylik və əməkdaşlıq üçün əsas vasitələrdən biri kimi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki xarici dil bilikləri fərqli mədəniyyətlərin, fikirlərin və təcrübələrin paylaşılmasını təmin edir və qlobal miqyasda müsbət dəyişikliklərə yol açır. Təbii ki, qlobal miqyasda yaşıl dünya naminə beynəlxalq həmrəyliyin gücləndirilməsində xarici dil  yalnız ünsiyyət vasitəsi olmaqla kifayətlənmir. Xarici dillər, xüsusilə beynəlxalq  münasibətlərdə əsas ünsiyyət vasitəsi olan ingilis dili  mədəniyyətlərarası dialoqun və əməkdaşlığın açarıdır. Xarici dil bilikləri yaşıl dünya naminə beynəlxalq həmrəyliyin gücləndirilməsi prosesində ünsiyyət və dialoq vasitəsi kimi fərqli ölkələrdən olan insanlar arasında ekoloji problemlərin müzakirəsinə, bilik və təcrübələrin mübadiləsinə imkan yaradır. Həmçinin xarici dil bilikləri tədqiqatçıların beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etməsini, yeni ideyaların və innovasiyaların mübadiləsini asanlaşdırır. Şübhəsiz, bu da ekoloji problemlərin həllinə yeni yanaşmaların ortaya çıxmasına səbəb olur.

Xüsusi vurğulamaq gərəkdir ki, xarici dil bilikləri yaşıl enerji sahəsində beynəlxalq sazişlərin hazırlanmasını və icrasını asanlaşdırır. Bu, investorlar arasında əlaqələrin qurulmasına, layihələrin maliyyələşdirilməsinə kömək edir

Bu gün yuxarıda qeyd etdiyim qlobal vəzifələrin reallaşmasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı əsas platforma rolunu oynayır. İngilis dilində “Conference of the Parties” (COP), yəni Tərəflərin Konfransı adlanan bu mötəbər beynəlxalq tədbir bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük  platformadır. COP tədbirlərində adətən gündəlik müəyyən edilir və müzakirələrdən sonra yekun sənəd qəbul edilir. İndiyədək belə ənənə formalaşıb ki, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu konfransın gündəliyini müəyyən edir. Burada növbəti COP tədbiri, yəni  əsas iqlim konfransı üçün prioritetləri müəyyənləşdirilir.

Məlum olduğu kimi,  hər il bir ölkədə keçirilməklə indiyədək 28 sessiyası baş tutmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Həmin qərara uyğun olaraq 70-80 minə yaxın xarici qonağı Xəzər sahillərində bir araya gətirəcək Bakı iki həftə ərzində dünyanın mərkəzinə çevriləcək. Şübhəsiz, dünyanın 200-ə yaxın dövlətinin yekdil rəyi ilə COP29-un qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycanda keçirilməsi haqqında belə bir mötəbər qərarın qəbul edilməsi   Prezident İlham Əliyevin beynəlxalq aləmdə böyük hörmətə və nüfuza sahib olmasının göstəricisidir. Bu qərar, eyni zamanda, ölkəmizə beynəlxalq səviyyədə göstərilən yüksək etimadın əyani təzahürü  kimi qiymətləndirilməlidir.     

COP-un Bakı konfransında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Təbii ki, bu zaman müxtəlif  dillərdə  danışan  nümayəndələr arasında ünsiyyət vasitəsinə çevriləcək xarici dil aparıcı trend kimi müstəsna rol oynayacaq. İki həftə ərzində COP29 çərçivəsində baş tutacaq tədbirlər BMT-nin altı rəsmi dilinə tərcümə olunacaq. Məlumat üçün bildirim ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.  Sessiya müddətində  konfransın BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək. COP29 konfransında müxtəlif dillərdə danışan iştirakçılar üçün tərcümə xidmətləri təşkil olunacaq. Sinxron və ardıcıl tərcümə vasitəsilə iştirakçılar çıxışları öz dillərində dinləyəcək və fikirlərini ifadə edə biləcəklər. Tərcümə xidmətləri konfransdakı məlumat axınını asanlaşdıracaq  və hər bir ölkənin nümayəndələrinin öz fikirlərini sərbəst ifadə etmələrinə imkan verəcək.

Bütün bunlarla yanaşı, Bakı konfransının gedişində könüllülər üçün nəzərdə tutulan bir neçə vəzifələr var ki, onlar mütləq şəkildə  ingilis dilində sərbəst danışma və anlama bacarığı tələb edir. COP29-un keçirildiyi günlərdə  ölkəmizə çoxlu sayda xarici qonaqların gələcəyini nəzərə alaraq seçimlər zamanı xarici dil biliyi olan könüllülərə üstünlük veriləcək. Könüllülərin COP29-da vəzifəsi müsahibə nəticələrinə, onların bilik və bacarıqlarına müvafiq olaraq təyin ediləcək. Seçim zamanı namizədin xarici dil biliyi, motivasiyası, təcrübəsi kimi bacarıqlara üstünlük veriləcək. İctimaiyyət COP29-da şəxsən iştirak edə bilməsə də mavi zonadakı bir çox tədbirlər, məsələn, qurumların plenar iclasları, dövlət başçıları ilə yüksək səviyyəli seqment, bir çox mətbuat konfransları və başqa tədbirlər müxtəlif dillərdə ictimaiyyət üçün canlı yayımlanacaq. BMT-nin əlaqəli kanalları və COPTV ictimaiyyətə konfransı, maraqlı müsahibələri və çıxışları izləmək imkanı verəcək.

Qeyd etmək yerinə düşər ki, bütün bu  məsələlər Azərbaycan Respublikası Milli Məclisinin  oktyabrın 8-də keçirilmiş plenar iclasında müzakirə edilən  “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Təqdirəlayiq haldır ki,  Bakı konfransına  hazırlıq  çərçivəsində artıq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin COP29-da xidmət göstərəcək əməkdaşları ingilis dili üzrə bilik və bacarıqlarını təkmilləşdirmək  məqsədilə təlimlərə cəlb olunublar. İki ay davam edən və sentyabr  ayında  başa çatan təlimlər zamanı 450 nəfərə yaxın  təcili tibbi yardım əməkdaşına növbəli şəkildə ingilis dili təlimləri keçirilib. Onlar arasında  həkimlər,  tibb bacıları, sürücülər  və digər peşə sahibləri olub. COP29 tədbirləri zamanı  mərkəzin təcili tibbi yardım briqadaları tibbi xidmətə ehtiyacın yaranmasını nəzərə alaraq iştirakçıların sağlamlığının keşiyində duracaq.  

Yuxarıda vurğuladığım kimi, COP29-un davam edəcəyi iki həftə ərzində xarici dil bilikləri iştirakçıların bir-biri ilə effektiv ünsiyyət qurmasına imkan verəcək ki, bu da müzakirələrin daha səmərəli aparılmasına yardımçı olacaq. Konfrans zamanı fərqli ölkələrin iqlim strategiyaları, texnologiyaları və təcrübələri müzakirə olunacaq. Təbii ki, bu zaman xarici dillərdə mütəxəssis çıxışları və təqdimatlar məlumatların paylaşılmasına və beynəlxalq əməkdaşlığın inkişafına şərait yaradan mühüm faktor kimi çıxış edəcək. Bakı konfransında imzalanacaq sazişlər, iqlim razılaşmaları çoxlu sayda iştirakçı ölkələrin birgə razılığına əsaslanacaq. Şübhəsiz, xarici dil bilikləri bu razılaşmaların hazırlanmasında, müzakirələrdə və yekun sənədlərin formalaşdırılmasında mühüm rol oynayacaq.

Ali təhsil müəssisəsində ingilis dilini tədris edən bir pedaqoq kimi çoxillik təcrübəmə əsaslanaraq onu da vurğulamalıyam ki, COP29 konfransında gənclərin fəal iştirakını təşviq etmək üçün xarici dil bilikləri xüsusilə zəruridir. Bu baxımdan ki, gənclərin müzakirələrə qoşulması yeni fikirlərin ortaya çıxmasına, ekoloji biliklərin yayılmasına şərait yaradan amildir. Bir məsələni də qeyd etmək yerinə  düşər ki, xarici dil bilikləri COP29 konfransında müxtəlif ölkələrin iqtisadi əməkdaşlıqlarını artırmağa kömək edən amil kimi mühüm əhəmiyyət kəsb edəcək. Hər şeydən öncə ona görə ki, bu, investisiya və maliyyə dəstəyinin təmin edilməsi, yeni yaşıl enerji layihələrinin müzakirəsi üçün əhəmiyyətlidir. Eyni zamanda, iqlim siyasəti ilə bağlı müzakirələrdə xarici dil bilikləri ölkələrin nümayəndələrinin bir-biri ilə effektiv ünsiyyət qura bilməsinə kömək edəcək. Nəticədə ikitərəfli və çoxtərəfli razılaşmaların əldə olunmasına yol açılacaq. Eyni zamanda, COP29-da xarici dil bilikləri müzakirələrin səmərəliliyini artırmaq, məlumat mübadiləsini asanlaşdırmaq və qlobal iqlim siyasətinin inkişafını təmin etmək baxımından da çox vacibdir.

Artıq indidən məlumdur ki, COP29 konfransını beynəlxalq media nümayəndələri geniş işıqlandıracaqlar. Ayrı-ayrı ölkələri və beynəlxalq qurumları təmsil edən  jurnalistlər, media orqanları konfransdakı əsas mesajları və qəbul edilən qərarları qlobal auditoriyaya çatdıracaqlar.  Şübhəsizdir ki, bu, konfransın nəticələrinin geniş auditoriyalara çatdırılmasına və ictimaiyyətin məlumatlandırılmasına kömək edən mühüm amil olacaq. Eyni zamanda, bir vacib məqama  da siqqət yetirmək lazımdır ki, COP29-da iştirak edən hökumətlər və təşkilatlar sosial media platformalarında tədbirdən məlumat paylaşacaqlar. Sosial mediada isə çox vaxt ingilis dili və digər beynəlxalq dillərdən istifadə olunur. Bu, konfransdakı yenilikləri, alınan qərarları və iqlimlə bağlı çağırışları geniş auditoriyaya çatdırmağa imkan verəcək. Beləliklə, xarici dil biliklərinin COP29 konfransının məqsədlərinə çatmaqda, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığı gücləndirməkdə və qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir alət rolunu oynayacağı şübhəsizdir.

Solmaz Musayeva,
Bakı Biznes Universitetinin Dillər kafedrasının baş müəllimi