17 oktyabr 2024 23:57
90

Türkiyədə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan prospektin rəsmi açılışı olub

Türkiyənin Afyonkarahisar vilayətində Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan prospektin rəsmi açılış mərasimi olub.

“İki sahil” xəbər verir ki, mərasimdə Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesinin baş köməkçisi, mayor Sərvan Qasımzadə, qardaş ölkənin sabiq milli təhsil naziri Mehmet Sağlam, Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin başçısı Ender Kiraz, İbad Hüseynovun döyüşçü yoldaşları eləcə də Türkiyənin müxtəlif regionlarından və Rusiyadan gələn qonaqlar iştirak ediblər.

Mərasim süvari qoşunlarının Milli Qəhrəmanı qarşılaması ilə başlayıb, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib daha sonra iki qardaş ölkənin şəhidləri yad edilib.

Tədbirdə çıxış edənlər prospektə Milli Qəhrəmanın adının verilməsini ona sədaqət əlaməti kimi qiymətləndiriblər. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını xatırladan çıxışçılar iki qardaş ölkənin tarixin bütün dövrlərində birlik nümayiş etdirdiyini deyiblər.

Qeyd edək ki, Milli Qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı Qurtuluş prospektinin adı İbad Hüseynov olaraq dəyişdirilib. Bundan əvvəl Türkiyədə iki küçəyə İbad Hüseynovun adı verilib və Milli Qəhrəmanın xatirəsinə iki park salınıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib.