18 oktyabr 2024 00:29
91

Uşağı döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyələndirmək olmaz - Psixoloq

Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün prioritet məsələdir. Uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır. Bu gün valideynlər uşaq tərbiyəsində bəzən şəxsi intuisiyalarına, bəziləri öz valideynlərinin təcrübəsinə əsaslanır, bəziləri isə mütəxəssislərə etibar edirlər.  Ailədə valideyn – uşaq münasibətlərinin  düzgün qurulması üçün onlar arasında davranış qaydalarına riayət edilməsi vacibdir. Bu qaydalara əməl edilmədikdə isə bəzi xoşagəlməz hallarla - uşağın  narahat, aqressiv olması, valideyni ilə daim mübahisə etməsi, digər insanlara qoşulması, hətta özünə sui-qəsd etmə halları  ilə  rastlaşırıq.

Bəs, valideynlər bu kimi neqativ hallarla qarşılaşmamaq, övladlarını  normal tərbiyə etmək, onlarla münasibəti düzgün qurmaq üçün nələrə diqqət etməlidir?

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,  “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bir sıra mühüm məqamlara aydınlıq gətirdi. Diqqətə çatdırdı ki, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.

6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır.

Təranə Paşayevanın sözlərinə görə, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar vermələri, aqressiv, zorakı davranışlar göstərmələri hallarına tez-tez təsadüf edirik. Amma döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşaq yaxşı tərbiyə oluna bilməz.

Psixoloq bildirdi ki, valideynlərin övladlarına qarşı göstərdiyi şiddət və zorakılıq, uşaqların psixoloji, emosional və fiziki inkişafına ciddi zərər verə bilər. Bu davranışların uşaqlara təsirləri müxtəlif aspektlərdə özünü göstərir. Valideynlərin dəstəyi olmadan böyüyən uşaqlar daha çox anksiyete və depressiya riski ilə üzləşirlər. Onlar özlərini inamsız, tənha və dəyərsiz hiss edə bilərlər. Uşaqların duyğusal vəziyyəti qeyri-sabit olar. Bu, onların öz hisslərini düzgün ifadə edə bilməmələrinə yol aça bilər. Valideynlərin öhdəliklərini yerinə yetirməməsi uşaqlarda davranış problemlərinə, məsələn, münaqişə yaradan, təcavüzkar və ya asosial davranışlara səbəb ola bilər. Eyni zamanda, uşaqlar sosial normalara uyğun davranmağı öyrənmədikdə gələcəkdə sosial mühitdə çətinlik çəkə bilərlər. Valideynlərin dəstək verməməsi, uşaqların təhsilində geriliyə səbəb ola bilər. Belə durumda onlar məktəbə maraq göstərmir və akademik uğursuzluq riski artır. Valideynlərin öhdəliklərini yerinə yetirməməsi, uşaqların sosial münasibətlərini inkişaf etdirməkdə çətinlik çəkmələrinə səbəb ola bilər. Uşaqlar dostluq qura bilməz və ya sosial mühitdə özlərini rahat hiss etməzlər.Gələcək risklər - Valideynlərdən yetərincə dəstək almayan uşaqlar gələcəkdə öz uşaqlarına qarşı da eyni davranışları təkrarlaya bilərlər. Xüsusilə yetkinlik dövründə psixoloji problemlər, bağımlılıq və digər sağlamlıq problemləri riski artır. Bu da “yetkinlik faciəsi” ilə nəticələnə bilir.

Həmsöhbətimiz vurğuladı ki, valideynlərin övladlarına verə biləcəyi tərbiyə, uşağın yaşına, inkişaf səviyyəsinə və ailənin dəyərlərinə bağlı olaraq dəyişir. Uşaqların üzərinə öhdəlik qoymaq, onların məsuliyyət hissini inkişaf etdirmək, özünə inamı artırmaq və həyatda müsbət davranışları öyrətmək məqsədini güdür.  Daha kiçik yaşlı uşaqlara oyunlarından sonra oyuncaq və materialları yığışdırmaq, dişlərini fırçalamaq və paltarlarını seçmək kimi kiçik və sadə öhdəliklər verilə bilər. 6-12 məktəb yaşlı uşaqlar üçün ev tapşırıqlarını vaxtında tamamlamaq, masa düzəltmək, yemək masası hazırlamaq və ya evdəki heyvanlara baxmaq kimi öhdəliklər müəyyənləşdirmək olar. Yeniyetmə yaşında olan uşaqlar gündəlik işlərini, dərslərini və şəxsi vəzifələrini idarə etmək öhdəliyi daşımalıdırlar. Eyni zamanda, onların üzərinə bəzi maliyyə məsuliyyətləri-şəxsi büdcə hazırlamaq, iş axtarmaq və ya öz pulunu idarə etmək kimi öhdəliklər qoymaq olar.

T.Paşayeva əlavə etdi ki, valideynlər, uşaqlarına nümunə olmalıdırlar. Onların davranışları, dəyərləri və etik prinsipləri uşaqların şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Uşaq valideynlərinin davranışlarını izləyərək onlardan öyrənir.

Psixoloq tövsiyə edir ki, uşaqların intellektual inkişafı üçün müxtəlif təhsil imkanları təqdim edilməlidir. Valideynlər uşaqlarını mütaliə etməyə, yaradıcılıq fəaliyyətlərinə, idman və musiqi kimi hobbilərə təşviq etməlidir. Bu, uşağın fərdi bacarıqlarını aşkar etməyə və inkişaf etdirməyə kömək edər. Məhz yuxarıda qeyd olunan məqamlara diqqət edilərsə bu yolda atılacaq hər bir addım, uşağın gələcəkdə özünə inamlı, empatik və məsuliyyətli bir fərd olmasına xidmət edə bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”