22 oktyabr 2024 12:32
75

Deputat maliyyə hesabatı verməyən partiyaların ləğv olunmasını təklif etdi

Azərbaycandakı partiyalardan bir qrupu hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir maliyyə hesabata verməyib:

"Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni, heç bir vəsait daxil olmayıb. Belə olduqda sual yaranır ki, müəyyən partiyaların rəhbərləri 20 ildir işləmir, onlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır".