08 noyabr 2017 15:14
3961

“Near East”: Əgər neft şahzadədirsə, Bakı onun tacıdır

XIX əsrin ikinci yarısında, xüsusilə XX əsrin birinci onilliklərində, o cümlədən Birinci dünya müharibəsinin sonunda Bakı nefti uğrunda mübarizə Avropa dövlətlərinin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. ton neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi.

1900-cü ildə Abşeronda 140 neft sahəsi istismar olunurdu və onlar bu sahələrdə çıxarılan neftin miqdarından asılı olaraq 4 qrupa bölünürdülər. Birinci qrupa ildə hasilatı 7,5 mln. puddan artıq olan, ikinci qrupa  7,5-2 mln.,  üçüncü qrupa 2-0,5 mln. və nəhayət, dördüncü qrupa 0,5 mln. puddan aşağı olan mədənlər daxil idilər.

XIX əsrin 80-90-cı illərində quyuların tez-tez fontan vurması ilə əlaqədar mədənlərdə neftin saxlanma sisteminin yaradılması məsələsi çox kəskin dururdu. XIX əsrin 80-ci illərində iri şirkətlər mədənlərdə həcmləri 30-100 pud olan dəmir çənlər düzəltdirməyə başladılar və onların sayı hər il artırdı.

6 iyul 1898-ci ildə Rusiya hökumətinin xüsusi qərarına əsasən dövlətə məxsus torpaq sahələrində Rusiyanın təəbəliyində olanlarla yanaşı xaricilər də sərbəst neft kəşfiyyatı aparmaq, onun hasilatı üçün torpaq sahələri almaq, həmçinin neftvermə qabiliyyəti olan sahələrin icarəyə verilməsi üzrə növbəti sövdələşmələrdə iştirak etmək imkanı əldə edirdi.

XIX əsrin sonlarında Abşeronda neft sənayesində 78 səhmdar cəmiyyət var idi. 1890-1900-cü illərdə şirkətlərin ümumi sayının 9,5%-i Bakı neftinin 69%-ni hasil edirdilər. 1894-cü ildə hasil olunan 300,8 mln. pud neftin 111,2 mln. pudu (37%) beş iri şirkətin - Nobelin, Rotşildin, Mantaşovun, Tağıyevin və Qukasovun payına düşürdü. 1899-cu ildə isə Bakıda hasil olunan neftin 44,1%-ni  bu beş şirkət çıxarırdı və bunun da 17,7%-i “Branobel” şirkətinin payına düşürdü.

1901-ci ildə dünya üzrə neft hasilatının 50 faizi Azərbaycanın payına düşüb

Neftli torpaqlar uğrunda mübarizə çox kəskin şəkildə gedirdi. Müzaidəyə (hərraca) gələn adamların məqsədi torpaqların alveri idi. Onlar hasilatla məşğul deyildilər, sadəcə sahəni alıb, ora dirəklər basdırır (buradan da onları - dirək sahibkarları adlandırırdılar) və müəyyən müddətdən sonra sahəni çox yüksək qiymətlə başqasına satırdılar. Dirək sahibkarları neft sənayesinə ciddi ziyan vururdular. Onlar ən yaxşı neftli sahələri konservasiya edir, neft məhsullarının qiymətinin artmasına imkan yaradır və neft texnikasının inkişafını ləngidirdilər. Ona görə də 1900-cü ildə icarədarların müəyyən müddət ərzində icarəyə götürdükləri torpaqlarda işlərə başlaması barədə qanun qəbul edildi.

Lakin 1900-cü ilin avqust ayında neftin qiymətinin aşağı düşməsi neftli sahələrin alveri ilə məşğul olan şəxsləri çətin vəziyyətə saldı. Bununla əlaqədar, 1902-ci ilin martında hökumət belə qərara gəldi: “...dövlətə məxsus neftli sahələr hərracdan pay bölgüsünə görə satılsın”. Yəni neftin puduna görə alınan dövlət vergisi - neftin payından ödənilən vergi ilə əvəz olundu.

1900-cü ilə qədər Abşeronda 1700-dən çox neft quyusu qazılmışdı. Ən çox, 796 quyu Sabunçu yatağında qazılmışdı. Həmin tarixə Balaxanı yatağında 176, Ramanıda 233 və Bibiheybətdə 86 quyu qazılmışdı. Sənaye üsulu ilə neft hasilatına başlanandan Abşeronda istismarda olan neftli torpaqların sahəsi çox yavaş genişlənirdi. Əsas neft hasil olunan sahələr - Balaxanı, Sabunçu, Bibiheybət, Ramanı və Binəqədi sahələri idi. Özü də Ramanı sahəsinin işlənməsinə XIX əsrin 90-cı illərinin əvvəllərində, Binəqədi sahəsinin işlənməsinə isə 90-cı illərin sonunda başlamışdılar. XX əsrin əvvəllərində Suraxanı, Pirallahı adası və digər sahələrdə neft hasilatına başlanıldı.  1900-cü ildə Bakıda 10 nəhəng ağac anbarı, 207 neft şirkəti, 16 neft boru kəməri, 56 mexaniki emalatxana fəaliyyət göstərirdi.

XX əsrin ilk beş ilində Bakı neft rayonunda  hər il 10 mln. tondan çox (ən yüksək hədd 1901-ci ildə 10,93 mln. ton) neft hasil edilirdi ki, bu da Bakını birinci dərəcəli sənaye şəhərləri sırasına çıxardı. Ona görə də 1901-ci ildə Rusiya ABŞ-ı neft hasilatında ötərək (11,6 mln. ton) dünyada birinci yerə çıxdı. Yəni Abşeronda və bütün Rusiya imperiyasında neft işinin inkişafında yeni mərhələ başladı.

Panama kanalından sonra işlərin həcminə görə dünyada həyata keçirilmiş ikinci nəhəng hidrotexniki qurğu

Dünyada “neft canlanması”nın daha da artması, Bakıda dəniz neft yataqlarının mənimsənilməsində yeni mühəndis fikirlərinin yaranmasına səbəb oldu. XIX əsrin sonları-XX əsrin əvvəllərində Xəzər dənizinin dərinliklərindən neft çıxarılması ideyası yenidən geniş vüsət aldı. Bu dövrdə dövlət komissiyasına 20-yə qədər layihə hazırlanıb təqdim olunmuşdu.

Dağ-mədən departamentinin alimləri və mütəxəssisləri xüsusən Bakıya yaxın ərazilərdə dənizdə qazma işləri aparmaq istəyənlərin xahişlərini dəstəkləyirdilər. Dağ-mədən idarəsi mühəndis-geoloq N.İ.Lebedevə tapşırdı ki, Abşeron buxtasına yaxın dənizin dibinin neftliliyi  barədə məlumat toplasın. 1898-ci ilin fevralında N.Lebedev yazılı məlumat və iki geoloji kəsiliş təqdim etdi. Bu sənədlərdə o, göstərilən rayonda dəniz dibinin neftliliyi barədə müsbət rəy bildirirdi.

V.Zqlenitski “Neft işi” məcmuəsinin 15-ci nömrəsində dərc etdirdiyi məqalədə Suraxanı, Qala, Qum adası, Bozdağ, Lökbatan, Şıx, Qaraçuxur və digər neftli sahələri qeyd edərək əlavə edir ki, hələ zəngin neft yataqlarının əlamətləri olan adalar və Xəzər dənizinin dibi qalır. Əldə olunan nailiyyətlər nəticəsində V.Zqlenitski 1900-cü ildə yenidən Peterburqa müraciət edir və göstərilən ərazilərdə neft hasil etməyin mümkünlüyünü sübut etməyə çalışır. Çar hökuməti onun təkliflərini yoxlamaq üçün komissiya təşkil edir. 1900-cü ilin 29 iyulunda mühəndis V.Zqlenitski komissiyanın iclasında etdiyi məruzədə bir sıra təkliflər verdi. V.Zqlenitskinin layihəsi  fontan olacağı halda nefti qəbul etməyə imkan verən 200 min pudluq üzən çən nəzərdə tuturdu. Layihənin müəllifi hər desyatində 24 buruğun qoyulmasını təklif edirdi. Qazıma işləri elektrik enerjisinin köməyi ilə aparılacaqdı. Lakin komissiya layihənin bir çox müddəalarının üstünlüyünü qeyd etsə də, onun icrasının texniki çətinliklər səbəbindən qeyri-mümkün olduğunu hesab etdi və mühəndisin təklifini qəbul etmədi.

1901-ci ildə Xəzər dənizində Bibiheybət kiçik körfəzinin (buxtasının) torpaqla doldurulmasına başlandı. Bibiheybət buxtasının qurudulma texnologiyası özlüyündə çox dəyərli bir iş idi və hələ elmi cəhətdən öyrənilməli idi. Belə güman etmək olar ki, süni torpaqda neft mədəni yaratmaq məqsədilə buxtanın doldurulması layihəsi XX əsrin əvvəllərində Panama kanalından sonra işlərin həcminə görə dünyada həyata keçirilmiş ikinci nəhəng hidrotexniki qurğulardan olmuşdu. Amma işlər çox ləng aparılırdı. 1906-cı ildə hökumət cəmisi 50 min rubl, 1908-ci ildə isə 15 min rubl vəsait buraxmışdı. 1909-cu ildə Bibiheybət buxtasının doldurulması üzrə məsuliyyətli işlərə istedadlı mühəndis Pavel Nikolayeviç Pototski (1874-1932) cəlb olunmuşdur. Layihənin müəlliflərinin fikrincə, buxta dəniz tərəfdən daşlarla bağlanılır və sudan təcrid olunmuş hissə tədricən torpaqla doldurulur. Bu işlərin həyata keçirilməsi üçün Rusiyanın Sormovo zavodunda xüsusi qurğu - “karvan” qazıma maşınının quraşdırılması sifariş olunmuşdu. Texniki avadanlığı 1910-cu ildə yığmağa başladılar və 1916-cı ildə maşın artıq istismara hazır idi.

Buxtanın qurudulmasına ancaq 1911-ci ildə başlanıldı. Təsadüfi deyildir ki, 1918-ci ilədək həm Rusiya ərazisində baş verən hadisələr, həm də Bakıda hökm sürən siyasi və iqtisadı problemlər yarananadək buxtanın qurudulması işləri yalnız Bibiheybətin quru hissəsinə bitişən Bayıl burnu ilə Şıx arasındakı ərazinin su hissəsinin yarısında - 190 desyatin (193 ha) sahədə aparılmışdı, qazma işlərinə isə ümumiyyətlə başlanılmamışdı.

Nobellərin Bakıda qaz əldə etmək üçün qazdıqları quyudan güclü ağ neft fontanı vurdu

“Kim neftə malikdir, o dünyanı idarə edir”, ingilis admiralı Fişerə aid olan bu sözlər nə qədər şişirdilmiş olsa da, ancaq şübhəsiz bir amili əks etdirirdi ki, XX əsrin başlanması ilə neftin dünya təsərrüfatında əhəmiyyəti günbəgün artırdı.

1901-ci ildə Kokorev Suraxanıda yerləşən zavodunun ərazisində zavodu qızdırmaq üçün qaz almaq məqsədilə ilk qazma quyusunu qazdırdı. 1902-ci ildə 207 metr dərinlikdən qaz əldə edildi. Kokorev tərəfindən Suraxanıda uğurla qazdırılan qaz quyusu buraya digər neft sahibkarlarını da cəlb etdi. Qaz əldə etmək üçün burada Nobel qardaşlarının, Benkendorfun, Mirzəyevin, Kuban-Qaradəniz cəmiyyətinin, Ş.Əsədullayevin firmaları quyular qazdırmağa başladılar. Suraxanı rayonu tez bir zamanda iri qaz yatağı kimi şöhrət qazandı və oradan qaz borularla Bakı mədənlərinin digər rayonlarına nəql olunmağa başladı. 1907-ci ildən səmt qazının da istifadəsinə başlanıldı. Azərbaycanın qaz sektoru hələ 1907-ci ildə ilk 130 mln. kubmetr səmt qazını neft yataqlarından əldə etmiş oldu.

Neft sahibkarları Suraxanıya qaz yatağı kimi baxırdılar. Lakin bu yatağı həm də iri neft yatağı kimi qiymətləndirməyi ilk dəfə geoloq D.Qolubyatnikov göstərdi. 1903-cü ildə D.Qolubyatnikov Azərbaycanda ilk dəfə geoloji tədqiqatlara başladı. Bu tədqiqatlar 1907-1908-ci illərdə, aşkar edilmiş neft və qaz yataqlarının müqayisəli mənzərəsini verməyə imkan yaratdı və xüsusən, Bibiheybətdə və Suraxanıda neft yataqlarının işlənməsi barədə olan təkliflər çox dəyərli oldu. Doğrudan da 1906-cı ildə Nobellərin qaz əldə etmək üçün qazdıqları quyudan güclü ağ neft fontanı vurdu. Bundan sonra başlanan qazma işləri D.Qolubyatnikovun fikirlərinin düzgünlüyünü təsdiq etdi. 1907-ci ildə burada Bakı Neft Cəmiyyətinə məxsus quyunun 545 metr dərinliyindən neft fontanı vurdu. Bu fontan gün ərzində 200 min pud qara neft verirdi. Artıq 1907-ci ildə burada 32 quyu, 1908-ci ilin başlanğıcında 56 quyu və həmin ilin oktyabrında 85 quyu qazıldı.  Qeyd edək ki, dənizdə neft yataqlarının işlənməsi layihəsini ilk dəfə işləyən də D.Qolubyatnikov  olmuşdur.

XIX əsrin sonlarında Xəzərin fiziki-coğrafi tədqiqatları da davam etdirilirdi. N.Puşşinin 1908-ci ildə Peterburqda dərc olunmuş “Xəzər dənizi: Hidrocoğrafi təsvir və gəmilərin üzməsi üçün dərslik” əsərində müəllif yazırdı: “Neft sahəsinin ümumi ərazisi 4,5 mil (8,5 km) təşkil edir. Burada suyun səthində həmişə dənizin dibindən gələn və özünə xas olan qoxu verən neft üzür...”

Beləliklə, 1892-1903-cü illəri Azərbaycanda “ilk neft canlanması (bumu)” dövrü hesab etmək olar, daha doğrusu, bu dövr neft sənayesinin təşəkkül tapması kimi səciyyələndirilir.

Azərbaycanda 1903-1904-cü illərdə Emmanuel Nobelin rəhbərliyi altında dünyada ilk iri dizel gəmiləri - “Vandal” və “Sarmat” tanker-teploxodları düzəldilib. İlk yerli teploxod olan “Vandal”ın uzunluğu 74,5 m, yükgötürmə qabiliyyəti 750 t və hərəkət sürəti 7,4 dəniz milindən çox deyildi.

1904-cü ilin 30 dekabrında sahibkarlar və fəhlələr arasında, xalq arasında “mazut anayasası” adlanmış ilk kollektiv müqavilə imzalandı, 1906-cı ildə isə Bakıda neft sənaye işçilərinin İttifaqı yaradıldı.

1907-ci ildə dünyada ən iri Bakı-Batumi ağ neft kəməri istismara verilir

1905-ci ildə dünya neft sənayesi praktikası tarixində ilk dəfə Balaxanıda kompressor istismarı tətbiq olunur. Fevralda Bakı quberniyasında və imperiyanın digər ərazilərində neft mədənlərinin istismarı, həmçinin çıxarılan neftin emalı və neft məhsulları ticarəti üçün səhmdar “Naftalan neft sənayesi cəmiyyəti” təsis olunub. Cəmiyyətin əsas kapitalı 2 mln. 400 min rubl, cəmiyyətin sədri mədən mühəndisi Fərrux Bəy Vəzirov idi.

1906-cı ildə F.Qerke tərəfindən yazılmış elmi iş alman neft bazarında rus neftinin Amerika neft şirkətinin inhisarçı mövqeyinə qarşı qoyulmasına həsr edilmişdi. Əsərdə göstərilir ki, Rusiyada neft quyularının sayının ABŞ-dan az olmasına baxmayaraq, rus (Abşeron) quyularının məhsuldarlığı amerikalılardan çox yuxarıdır. 1897-ci ildə ABŞ-da 35 min quyu olduğu halda, 1903-cü ildə Rusiyada 1877 quyu var idi. Lakin Rusiyada quyuların orta dərinliyi ABŞ-dan iki dəfə azdır, neftin maya dəyəri də çox aşağıdır. Buna baxmayaraq, Rusiya neftinin gələcək proqnozları F.Qerkeyə görə ürəkaçan deyil, çünki dünya bazarındakı rəqabətdə amerikalılar daha güclüdürlər. Yaranmış vəziyyətdən çıxmaq üçün F.Qerke hesab edirdi ki, gərək Qafqazda neftin hasilatı və satışı üzrə vahid bir şirkət olsun. O yazırdı: “Ancaq indi belə inhisarçı (şirkət) yaratmaq qeyri-mümkündür.”

Bakı neftinin ixracı da öz yüksək həddinə 1904-cü ildə çatdı, bundan sonra Rusiyadan neftin ixracı azalmağa başladı. Buna səbəb isə Rusiyanın daxilində neftə olan tələbatın artması oldu. 1913-cü ilədək ixracın əsas hissəsi 4 ölkəyə - İngiltərə, Fransa, Almaniya və Belçikaya göndərilirdi ki, bu da ixracın 53,1%-ni təşkil edirdi. 30% ixrac isə Yaxın Şərqin, Orta Asiyanın, Hindistan və Çinin bazarlarına çıxarılırdı, hərçənd 1908-ci ildə Rusiya sonuncu iki bazarı əldən vermişdi.

1910-cu ildə “Nobel qardaşları” firmasının Balaxanı neft mədənində ilk dəfə olaraq dartaylama üçün yeni qurğu - Leynveber aparatı quraşdırılır və avqustun əvvəllərindən işləməyə başlayır. “Nobel qardaşları” firmasının Bakıda 13 zavodu var idi ki, onlardan 6-sı neftayırma (benzin, ağ neft, solyar, sürtkü yağları, parafin və s. istehsalı) və 7-si yardımçı (neft məhsullarının təmizlənməsi üçün soda və kükürd istehsalı, turşu qudronun və qələvi qalıqlarının regenerasiyası, kimya-texnologiya laboratoriyası, qaz və mexaniki zavodlar) zavodlardır.

Ümumiyyətlə, Rusiya neft sənayesində, xüsusən Bakıda, on illərlə tənəzzül vəziyyəti hökm sürürdü. Baxmayaraq ki, 1910-cu ildə Bakı neft mədənlərinin 60%-nə üç iri trest: “Royal-Dutsh-Shell”, “Branobel” və “Rusiya Baş neft cəmiyyəti” nəzarət edirdi, neft hasilatının texnologiyası Qərbdən geri qalırdı, texniki cəhətdən təchiz olunmada durğunluq yaranmışdı. XX əsrin əvvəllərinin ABŞ və Azərbaycan neft sənayelərini müqayisə etdikdə, görürük ki, bütün bu daxili çaxnaşmalar nəticəsində Abşeron yarımadasında neft hasilatının inkişafı 15 il geri qalırdı. 1910-cu ildə Azərbaycanda neft hasilatının ümumi həcmi  499,0 mln. pud,  1913-cü ildə 449,4 mln. pud, 1917-ci ildə isə 402,1 mln. pud təşkil etmişdi. Ümumiyyətlə, 1910-1914-cü illərdə Azərbaycanda üst-üstə cəmisi 38 milyon ton neft istehsal edilmişdi, halbuki neft  quyularının sayı artaraq 1913-cü ildə 3500-ə çatmışdı. Lakin Bakı neftinə maraq artmaqda davam edirdi. Əgər 1903-cü ildə Bakıda 158 şirkət fəaliyyət göstərirdisə, 1913-cü ildə onların sayı 182-yə çatmışdı.

İnşasına 1897-ci ildə başlanılan, dünyada ən iri, ümumi uzunluğu 829 verst olan, Zaqafqaziya dəmir yoluna məxsus və 50 mln. rubla yaxın qiyməti olan Bakı-Batumi ağ neft kəməri 1907-ci ildə istismara verilib. Magistral boru kəməri layihəsinin əsas müəllifi Sankt-Peterburq texnoloji institutunun professoru N.L.Şukin idi.

I Dünya müharibəsi dövründə Bakı nefti Rusiya donanmasının təchizatında aparıcı yer tuturdu

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı nefti Rusiyanın hərbi dəniz donanmasının da inkişafında mühüm rol oynamışdır. XIX əsrin sonlarında artıq Xəzər və Qara dənizlərin, həmçinin Rusiyanın çay donanmasının gəmiləri Bakı nefti ilə işləyirdilər. Xarici ölkələrin, xüsusən İngiltərənın, ABŞ-ın və Almaniyanın dəniz donanmalarının kütləvi halda neftə keçməsi ilə, neft yanacağı Rusiyanın da donanmasının yeniləşdirilməsinə ciddi təsir göstərdi. Belə ki, 1908-ci ildən gəmilərdə Nobelin Peterburqda olan zavodlarının istehsal etdiyi və xam neftlə işləyən dizel mühərrikləri tətbiq olunmağa başladı. XX əsrin ilk onilliyində Bakı neft sənayesi firmaları Rusiyanın hərbi-dəniz donanmasına lazımi qədər neft yanacağı göndərməkdə davam edirdilər.

1914-cü ildə I Dünya müharibəsinin başlanması yanacağa böyük ehtiyac olduğunu üzə çıxardı. Belə ki, əgər 1913-cü ildə Xəzər dəniz donanması 250 min pud neft məhsulları almışdısa, 1916-cı ildə bu rəqəm 18 mln. pud təşkil etmişdi. Təkcə 1916-cı ilin mayından 1917-ci ilin mayınadək Rusiyanın Hərbi Dəniz Donanması 20 mln. pud müxtəlif çeşidli neft məhsulları almışdı. Qeyd etmək lazımdır ki, Rusiyanın hərbi donanması üçün benzinin, kerosinin, turşu yağlarının, mühərrik yanacağının və mazutun təchizatını əsasən “Branobel” şirkəti həyata keçirirdi. Beləliklə, müharibə ərəfəsi və I Dünya müharibəsi dövründə Bakı nefti Rusiya donanmasının təchizatında aparıcı yer tuturdu. 1914-1917-ci illərdə hər il 7 milyon tondan artıq neft çıxarılmaqla bütövlükdə Bakıda 28 milyon 683 min ton neft çıxarılmışdı ki, bu da müvafiq dövrdə dünyada istehsal edilən neftin 15%-i demək idi. Göstərilənləri yekunlaşdırsaq, əminliklə demək olar ki, Bakı nefti Rusiya imperiyasının iqtisadiyyatında mühüm rol oynamışdı.

Bakı - Qafqazın və Xəzər hövzəsinin ən böyük sənaye və neft mərkəzi

1914-cü ildə I Dünya müharibəsinin başlanğıcında Bakı neft sənayesində 4 iri şirkət: “Branobel”, ingilis-holland transmilli tresti “Royal-Dutsh-Shell”, rus baş neft korporasiyası “Oyl” və “Neft” maliyyə-neft yoldaşlığı (ortaqlığı)” üstünlük təşkil edirdi. Qeyd etmək lazımdır ki, bu şirkətlərdən başqa Abşeronda bir neçə daha kiçik birliklər var idi. Bakıda əsası qoyulan və üç ingilis firmasından “Rus neftinin Bakı cəmiyyəti”, “Neft və maye yanacaq cəmiyyəti”, “Avropa neft şirkəti”ndən ibarət olan Herbert Allenin “Neft sənayesi maliyyə korporasiyası”nı göstərmək olar.

Məlumat üçün bildirək ki, 1917-ci ilə Bakı neft işinə qoyulmuş xarici valyutanın ümumi məbləği 111 mln. rubl təşkil edirdi. 1917-ci ildə Rusiyada neftçıxarmanın 60%-i və neft məhsulları satışının 75%-i xarici firmaların əlində cəmlənmişdi.

Lakin I Dünya müharibəsinin başlanması Rusiyanın, o cümlədən Bakının neft inhisarçıları ilə Avropanın və ABŞ-ın neft inhisarçıları arasında əvvəllər mövcud olan əlaqələrdə gərginliyə və sonradan onların kəsilməsinə gətirib çıxardı ki, bu da Rusiyanın neft sənayesində yenidən qruplaşmanı təmin etdi.

Bu dövrdə Xəzər bölgəsi, xüsusən burada çox mühüm hərbi-strateji mövqe tutan Azərbaycan, dünyanın aparıcı dövlətlərinin coğrafi-strateji rəqabət hədəfinə çevrilmişdi. Bütün avroasiya məkanında mühüm coğrafi-siyasi düyün nöqtəsi olan Xəzər bölgəsi ümumbəşər hərbi-siyasi hadisələrə və dünya iqtisadiyyatına ciddi təsir göstərirdi. I Dünya müharibəsi davam etdiyi bir dövrdə iki nəhəng hərbi-siyasi birləşmələr arasında, yəni bir tərəfdən Antanta (Böyük Britaniya, Fransa və Rusiya), digər tərəfdən Üçlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) arasında hərbi və siyasi mübarizənin kəskinləşməsi və bunların hər ikisinə düşmən mövqe tutan yeni hərbi-siyasi qüvvənin - Sovet Rusiyasının yaranması, Xəzər dənizi bölgəsinə nəzarət edilməsi məsələsində onların hər üçünün Orta Şərq siyasətinin əsasını təşkil edirdi.

Ümumiyyətlə, böyük dövlətlərin bütün bu coğrafi-siyasi məqsədlərinin həyata keçirilməsinin açarı Qafqazın və Xəzər hövzəsinin ən böyük sənaye və neft mərkəzi olan, o dövrdə Rusiyanın 75%, dünyanın isə 15% neftini verən Bakı idi. 1916-cı ildə Bakıda neft şirkətlərinin sayı 104-ə çatdı.

Bakıda 1916-cı ilin iyunun əvvəllərində İran neftinin istismarı üçün əsas kapitalı 5 mln. rubl olan “Rupento” Rusiya-İran neft sənayesi ortaqlığı təşkil olunub. Ortaqlığa H.Z.Tağıyev, Musa Nağıyev, Ş.Əsədullayev, knyaz Dadiani, Murtuza Muxtarov və başqaları daxil olub. İran hökumətindən komissar Məhəmməd Cəfər Mirzə təyin olunmuşdu.

1917-ci il fevral inqilabından sonra Bakıda ictimai-siyasi hadisələr xeyli gərginləşdi. 1917-ci ilin oktyabrında Petroqradda bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakıda fəaliyyət göstərən bolşevik və erməni-daşnak qüvvələri 1917-ci ilin noyabrında şəhərdə Bakı Sovetini yaratdılar və Sovet Rusiyası ilə həmrəy olduqlarını bəyan etdilər. Xəzərin ən iri limanının - Bakının bolşevik-daşnak birləşmələrinin əlinə keçməsi bütün regiona nəzarət edilməsinə geniş imkanlar açırdı. Lakin 1918-ci ilin yazında Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi zəminində, bir-birinə qarşı duran və öz uzaqgörən coğrafi-siyasi maraqlarını güdən hərbi-siyasi bloklar Bakıda və Xəzərdə möhkəmlənmək üçün öz səylərini xeyli artırdılar.

Neft ixracının artması ölkəmizdə bütün istehsalat sahələrinin inkişafına təkan verdi

Qeyd etmək lazımdır ki, Bakıda gedən bu siyasi proseslərlə yanaşı, onun hüdudlarından kənarda başqa siyası proseslər gedirdi. Belə ki, hələ 1918-ci ilin may ayının 28-də Azərbaycanın milli ziyalıları Tiflisdə Şərqin müsəlman aləmində ilk parlament cümhuriyyəti olan müstəqil Azərbaycan Demokratik Respublikasını (ADR) elan etmişdilər və onun idarə edilməsi üçün yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi.

Azərbaycan dövlətinin yaratdığı ilk ordu bölmələri və bu orduya yardım etməyə gəlmiş türk qoşun hissələri Qafqaz islam ordusu adı altında birləşərək Bakını azad etmək və onu ölkənin paytaxtına çevirmək üçün hərbi əməliyyatlara başlamışdılar. Beləliklə, Qafqaz İslam Ordusunun Bakını mühasirədə saxlaması uzun sürmədi. 1918-ci ilin sentyabr ayının 14-də Bakıya hücum başlandı, ingilislər və  “Mərkəzi Xəzər diktaturası”nın hökumət üzvləri qalan qoşun hissələri ilə tələsik şəhəri tərk etdilər.  Sentyabrın 15-də Azərbaycan xalqının çoxəsrlik tarixində ən mühüm hadisə - Bakının azad edilməsi və bunun ardınca sentyabrın 17-də hökumətin Bakıya köçməsi ilə onun  müstəqil Azərbaycan dövlətinin paytaxtı elan edilməsi baş verdi. ADR-in elan olunduğu gündən, yəni 28 maydan sonra bu öz əhəmiyyətinə görə ikinci tarixi gün idi.

Rusiyada inqilab nəticəsində Azərbaycan neftinin ixracı nəzərəçarpacaq dərəcədə azaldı. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə hasil edilmiş 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdi. Azərbaycan müstəqilliyini elan etdikdən sonra hələ 1918-ci ilin iyun ayında Osmanlı Türkiyəsi, Gürcüstan və Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən hər iki müstəqil dövlət Bakı-Batum kerosin boru xəttinin lazımi rejimdə saxlanacağı barədə öhdəliklər götürdülər. Eləcə də Bakı-Culfa dəmir yolunun tikintisinin sürətləndirilməsindən sonra neft satışından gəlirlər əldə etmək mümkün oldu. Neft ixracının artması ölkəmizdə bütün istehsalat sahələrinin inkişafına təkan verdi. Qeyd edək ki, ADR-in mövcud olduğu dövr ərzində 1918-ci ildə 3287 yataqdan 185,6 pud (2,96 milyon ton) neft, 1919-cu ildə isə 2066 yataqdan 225,1 pud (3,6 milyon ton) neft, 1920-ci ildə isə 2037 yataqdan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.  

M.Mirmehdiyev: 1918-ci ildə “Britaniya aslanı” Bakı tərəfə sıçrayış etdi ki,
“alman qartalı”nı Bakı neft buruğunun başına qonmağa qoymasın

Tezliklə hökumətin 1918-ci il 7 oktyabr tarixli dekreti ilə  bolşeviklər tərəfindən milliləşdirilmiş neft mədənləri və zavodlar, Xəzər ticarət donanmasının gəmiləri yenidən  neft firmalarına və gəmi sahiblərinə qaytarıldı və beləliklə, hökumət xüsusi mülkiyyət prinsipini bərqərar etdirdi.

Qeyd etmək lazımdır ki, Bakıda neft sənayesinin milliləşdirilməsinə qədər 109 səhmdar cəmiyyət fəaliyyət göstərirdi ki, onlardan 72-si rus (bura Azərbaycan sahibkarları da daxildir), 37-si isə ingilis kapitalına məxsus idi. Milliləşdirmə ərəfəsində Azərbaycanda 230 neft hasilatı müəssisəsi, 49 orta və kiçik qazma müəssisəsi, 25 neftayırma firması, 100-dən çox mexaniki sex, təmir emalatxanaları və b. istehsal sahələri mövcud idi. Neft sənayesinin zəngin sahibkarlarından biri olan mesenat İsa bəy Hacınski “Hacı-Çələkən” şirkətinin neft sənayesinə 1,25 mln. funt sterlinq vəsait qoydu.      

Göründüyü kimi, Azərbaycanın neft sənayesində həm rus, həm də xarici kapital var idi. Xarici kapitalda üstünlük ingilis kapitalında idi və nəinki Bakının, o cümlədən Qafqaz bölgəsinin də neft müəssisələrinin əksəriyyəti (60-a yaxın) onların əlində idi. Alman kapitalina məxsus cüzi hissə isə müharibə nəticəsində sıfıra enmişdi. Qətiyyətlə demək olar ki, hələ 1913 -cü ildə ingilis kapitalı o dövrdə dünyanın ən böyük neft hövzəsi olan Qafqazı və xüsusən də Bakını öz nəzarətinə tabe etdirmişdi.  

ADR-i Paris konfransında təmsil edən və sonralar mühacirətdə yaşamış Miryaqub Mirmehdiyev öz “Qafqaz problemi” kitabında maraqlı bir məqama toxunaraq yazırdı ki, “1918-ci ildə “Britaniya aslanı” Bakı tərəfə sıçrayış etdi ki, “alman qartalı”nı Bakı neft buruğunun başına qonmağa qoymasın.” ADR hökumətinin göstərdiyi bütün səylərə baxmayaraq  beynəlxalq şərait dəyişdiyinə görə Azərbaycanda da  vəziyyət yenidən gərginləşdi. General Tomsonun komandanlığı altında 1918-ci ilin 17 noyabrında Bakıda artıq ADR hökumətinin fəaliyyət göstərdiyi bir dövrdə ingilis hərbi qüvvələri Abşeronun bolşeviklərdən və almanlardan müdafiəsi adı altında yenidən Bakıya daxil oldular və burada öz hərbi donanmalarını yaratdılar.

1918-ci il noyabrın 29-dan etibarən Xəzər ticarət donanmasının bütün gəmiləri ingilis komandanlığının sərəncamına keçdi. Onlar neft sənayesini də özlərinin nəzarəti altına almağa çalışaraq bu məqsədlə “Britaniya neft müdiriyyəti” təsis etdilər. Bununla, eyni zamanda “Royal-Dutsh-Shell” şirkəti rus sahibkarlarının Qroznıda və Bakıda olan əksər müəssisələrini ələ keçirdi. “Standard Oil” şirkəti isə Nobellərin Bakıda olan müəssisələrinin sahibi oldu.

Bakıya yenidən girdikdən sonra ingilislərin Xəzərdə mövqeləri xeyli möhkəmləndi. Beləliklə, İngiltərə, Almaniya, Türkiyə və Rusiya arasında Xəzər dənizi hövzəsində nəzarəti ələ keçirmək uğrunda gedən coğrafi-siyasi rəqabət 1919-cu ilin əvvəllərində İngiltərənin xeyrinə nəticələndi. Lakin bir müddətdən sonra, yəni 1919-cu ilin avqust ayından başlayaraq ingilislər gözlənilmədən Cənubi Qafqazda və Xəzərdə öz fəaliyyətlərini məhdudlaşdırmağa və bölgədən, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmağa başladılar. Bu arada 1920-ci ilin yazında Sovet Rusiyasının cənub ordu (XI ordu) komandanlığının rəhbərliyi Qafqaz cəbhəsində  Azərbaycanın işğalı üçün hərbi hazırlığa başladı.

Qeyd etmək vacibdir ki, neft biznesi Bakıda ümumi iqtisadi “canlanma”nın əsasını qoydu, şəhər Cənubi Qafqazın şəhərləri arasında iqtisadi lider oldu və Rusiya imperiyasının ən böyük iqtisadi mərkəzlərindən birinə çevrildi. 1918-ci ildə ingilis məcmuəsi “Near East”in yazdığı kimi “Bakı dünyanın nəhəng neft mərkəzidir. Əgər neft şahzadədirsə, Bakı onun tacıdır.”

“İki sahil”