26 oktyabr 2024 12:24
79

Eskişehirdə türklük şöləni yaşanıb - FOTO

CASCFEN-in icra etdiyi “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində daha bir yaddaqalan tədbir qardaş ölkədə keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihənin icrasını uğurla başa çatdırmaq üzrədir. 3 aylıq (01.08.2024-31.10.2024) layihə çərçivəsində bir sıra işlər görülüb, həmçinin Naxçıvanda və Türkiyənin Eskişehir şəhərində iki beynəlxalq konfrans keçirilib.

İctimai Birlikdən verilən məlumata əsasən, Naxçıvanda olduğu kimi, Eskişehirdə də layihə çərçivəsində keçirilən “Müasir türk birliyinə açılan qapı -Naxçıvan Sazişi” adlı konfrans maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb.

Məlumatda deyilir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, CASCFEN-nin və Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) təşkilatçılığı ilə keçirilən konfrans Ümummilli Lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Eldar Əliyev: Müasir türk birliyi hər keçən gün daha da güclənir

Sonra söz salamlama və təbrik çıxışlarına verilib. 

İlk çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev səfir Rəşad Məmmədovun təbrikini konfrans iştirakçılarına çatdırıb. 

Çıxışında belə bir tədbirin keçirilməsinin önəmindən bəhs edən E.Əlliyev “Türkiyə-Azərbaycan qardaşlığı üzərində qurulan müasir türk birliyi hər keçən gün daha da güclənir” deyib.

Sonra çıxış edən layihə rəhbəri, CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri qeyd edib ki, bu layihə əsasında görülən işlər, həmçinin Naxçıvanda və Eskişehirdə keçirilən iki konfrans türk dünyasının birliyi istiqamətində aparılan siyasətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” çağırışının təzahürüdür.

Daha sonra EsAzDer-in konfransla bağlı hazırladığı videomüsahibələrə baxış olub.

Baxışdan sonra Manisa Azərbaycanlılar Dərnəyinin sədri Şentürk Hoşgül, Bursa Uludağ Universitetinin müəllimi Prof. Dr. Mehmet Yüce, “My Broker” şirkətinin rəhbəri Rəşad Əliyev, Azərbaycan Akreditasiya Mərkəzinin əməkdaşı Nigar Məmmədova və Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Dr. Yücel Karauz çıxış ediblər.

Çıxışlarda layihənin və konfransın əhəmiyyətinə toxunulub, CASCFEN-in türk dünyası istiqamətindəki fəaliyyəti təqdir edilib və təşkilata uğurlaq arzulanıb.

Yeri gəlmişkən, konfransda çıxışçılarla yanaşı Eskişehir İl Sivil Toplum İlişkileri müdiri Nihat Bahar,  Kızıl Elma Turan Derneğinin başqanı Ahmet Hızlan, Azaflı Sosyal Yardım və Dayanışma Derneği Başkanı Arzuman Azaflı, həmin təşkilatın rəhbər heyətindən Figen Kıyaklı Zehra Işık, Eskişehirdə fəaliyyət göstərən Anadolu Universiteti, Eskişehir Osmangazi Universiteti və Eskişehir Texnik Univeristetindən müəllim və tələbələr, o cümlədən Türkiyənin müxtəlif yerlərindən gəlmiş qonaqlar, ümumilikdə 130-a yaxın şəxs iştirak edib.

Əkbər Qoşalı: Türk dünyasının güclənməsi üçün hər birimiz fəallıq göstərməliyik

Sonra konfrans layihə üzrə ekspert, Beynəlxalq Alas Mükafatı laureatı, türkoloq Əkbər Qoşalının moderatorluğu ilə panel iclası ilə davam edib.

Ə.Qoşalı türk dünyasının güclənməsi üçün dövlətlərin, dövlət başçılarının reallaşdırdığı siyasəti təqdir etməklə yanaşı, bir çağırış da edib: “Təbii ki, bu məsələdə bizlərin ziyalıların, ictimai xadimlərin, həmçinin QHT sektorunun da üzərinə mühüm vəzifələr düşür. Türk dünyasının güclənməsi üçün hər birimiz fəallıq göstərməliyik. Əminəm ki, CASCFEN bu layihəni reallaşdırarkən həmin məqamı da əsas götürüb”

Ruhəngiz Əliyeva: Bu günün uğurlarının təməlində reallaşdırılan siyasət və 15 il öncə imzalanmş Naxçıvan Sazişi dayanır

Layihə üzrə ekspert, Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva çıxışında müasir türk birliyinin formalaşmasında 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin önəminə toxunub. O, müasir türk birliyinin hər keçən gün daha da gücləndiyini və çeşidli sahələrdə işbirliklərinin genişləndiyini bildirib: “Təbii ki, bu günün uğurlarının təməlində reallaşdırılan siyasət və 15 il öncə imzalanmş Naxçıvan Sazişi dayanır”.

R.Əliyeva, Naxçıvanın hər zaman türk birliyinin güclü olması üçün bir qapı, bir strateji məkan rolunu oynadığını da qeyd edib.

Burhan Sayılır: Türk birliyinin daha da güclənməsi üçün təhsil sektorunun üzərinə mühüm vəzifələr düşür

Sonra çıxış edən Anadolu Univeristeti Heydər Əliyev Mərkəzinin rəhbəri Prof.Dr Burhan Sayılır deyib ki, türk birliyinin güclənməsi üçün atılan addımlar təqdirəlayiqdir.

O, eyni zamanda “bu birliyin daha da güclənməsi üçün türk dünyasının təhsil sektorunun üzərinə mühüm vəzifələr düşür” deyib.

Toğrul İsmayıl: Türk dünyasının qarşısında mühüm hədəflər var

Paneldə çıxış edən Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, Prof.Dr. Toğrul İsmayıl da Naxçıvan Sazişinin önəmi, Türkiyə-Azərbaycan qardaşlığı və türk dünyasının qarşısında duran hədəflərdən bəhs edib: “Türk dünyasının qarşısında mühüm hədəflər var”.

Çıxışında türk dünyasının birliyinə aparan yola tarixi ekuskurs edən T.İsmayıl gələcəklə bağlı təkliflərini də dilə gətirib.

Cavid Aydın: EsAzDer fəaliyyətində türk dünyasında inteqrasiyanın daha da güclənməsinə xüsusi önəm verir

Sonda bağlanış çıxışı edən EsAzDer sədri Cavid Aydın belə bir konfransın Eskişehirdə keçirilməsindən məmnunluq ifadə edib. 

O, “rəhbərlik etdiyim EsAzDer fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlıq bağlarının daha da dərinləşməsi, həmçinin türk dünyasında inteqrasiyanın daha da güclənməsinə xüsusi önəm verir. Təbii ki, biz Azərbaycan və Türkiyənin dövlət başçılarının türk dünyası ilə bağlı addımlarından güc alaraq, həmçinin reallaşdırılan siyasətə dəstək olaraq müvafiq addımlar atırıq” deyib.

Sonda layihənin reallaşmasında dəstək olan şəxslərə və məruzəçilərə xüsusi plaketlər, təşəkkürnamələr təqdim edilib, həmçinin xatirə fotosu çəkilib.