27 oktyabr 2024 02:36
88

ABŞ-də pnevmoniyaya qarşı peyvənd yaşı 50-ə endirilib

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ilk dəfə pnevmokok peyvəndinin tövsiyə olunduğu yaş həddini 65-dən 50-yə endirib. Bu dəyişiklik 50 yaşdan yuxarı insanların pnevmokok xəstəliyinə qarşı immunizasiya vasitəsilə daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, CDC-nin verdiyi məlumatda yaş həddinin aşağı salınması ilə daha çox böyüklərin pnevmokok infeksiyasından qorunma şansı əldə edəcəkləri bildirilib. CDC bu qərarı, ABŞ-da “mycoplasma pneumonia” bakteriyasının səbəb olduğu yoluxucu infeksiyaların artması fonunda qəbul edib. “Mycoplasma pneumonia” bakteriyası pnevmoniya, meningit və qanaxma infeksiyaları kimi ciddi xəstəliklərə səbəb ola bilər. Bu da yaşlı insanlar üçün xüsusi risk yaradır.

Son altı ayda pnevmoniya və bronxit diaqnozu qoyulan insanların sayında artım müşahidə olunub. Bu say avqust ayında ən yüksək səviyyəyə çatıb. CDC bildirir ki, pnevmoniyanın simptomları yorğunluq, qızdırma, öskürək kimi ümumi əlamətlərdən ibarət ola bilər. Əksər hallarda 5 yaşdan kiçik uşaqlarda ishal, burun axması və qusma kimi əlamətlər də müşahidə edilir. Həmçinin, bəzi hallarda infeksiya simptomsuz keçə bilər. Bəzi insanlarda isə “gəzinti pnevmoniyası” adlanan yüngül forması müşahidə edilir. “Gəzinti pnevmoniyası” olan şəxslər adətən evdə istirahət və ya yüngül tibbi müdaxilələrlə sağalır.

CDC-nin statistikasına görə, hər il təxminən 2 milyon nəfər “mycoplasma pneumonia” səbəbi ilə pnevmoniyaya yoluxur və faktiki yoluxma halları daha yüksək ola bilər. Pnevmoniyanın müalicəsində antibiotiklər əsas yer tutur. Lakin bəzi şəxslər dərman istifadə etmədən də sağala bilirlər. Hazırda ABŞ-da pnevmoniyanın qarşısının alınması üçün iki növ peyvənd mövcuddur. Ümumilikdə dörd peyvənd növü isə 15-dən çox pnevmokok bakteriyasına qarşı immuniteti gücləndirir.

Bundan əlavə, CDC-nin İmmunlaşdırma üzrə məsləhət komitəsi, 65 yaş və yuxarı, orta və ya ciddi şəkildə immuniteti zəif olan insanlara ilk dozadan altı ay sonra yenilənmiş COVID-19 buster dozasını qəbul etməyi məsləhət görüb. Hazırda ABŞ-da COVID-19-a yoluxma sayı aşağı düşüb.