22 oktyabr 2025 00:56
113

Hədəf keşişlərdir…

2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanda Erməni Apostol Kilsəsi və din xadimləri ilə hökumət arasında gərginlik davam etməkdədir. Bir neçə gün öncə Ermənistan məhkəməsi Areqatsotn Yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç barəsində də iki aylıq həbs-qətimkan tədbiri seçib. Qeyd edək ki, Mkrtıç Proşyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğludur. O və həbs olunan digər din xadimləri iddia edirlər ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan təslimçi, xəyanətkardır, Qarabağı Azərbaycana “təslim edib”. Üstəlik, guya o, erməni xalqının milli maraqlarına zidd addımlar atır. Odur ki, keşişlər ölkədə qarışıqlıq salmaq, xaos yaratmaq, hökumət əleyhinə çağırışlar səsləndirmək, insanları etirazlara qoşulmağa təşviq etmək, təxribatlar törətmək istiqamətində dəridən-qabıqdan çıxırlar. Hətta oktyabrın 19-da Eçmiədzindəki əsas kafedraldakı dini ayində II Qaregin siyasi şüarlar səsləndirib. Bunula da  o, din pərdəsi arxasında gizlətdiyi siyasi ambisiyasını bir daha ortaya qoyub.

Bəli, onlar ən kiçik ictimai hadisəni belə hökumət əleyhinə kampaniyaya çevirməyə cəhdlər etməkdə davam  edirlər. Halbuki, kilsənin ən ali  vəzifəsi ictimai sabitliyə töhfə verməkdir. Onlar isə siyasi mübarizənin bir hissəsinə çevrilmək istəyirlər. Bəzi erməni mətbuatında  belə bir fikir yer alıb ki, guya din xadimlərinin həbsi azərbaycanlıların mənəvi lideri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oktyabrın 13-də BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə Ermənistan Apostol Kilsəsindən şikayət etməsi ilə əlaqədardır. Bəzi erməni siyasətçiləri isə din xadimlərinin həbsini Azərbaycanla sülh prosesi ilə bağlı olduğunu iddia etməkdədirlər. Halbuki, bu məsələnin sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Hətta ölkənin baş naziri Nikol Paşinyan oktyabrın 16-da keçirdiyi brifinqdə bu iddiaları cəfəngiyyat adlandıraraq bildirib ki, onların həbslərinin Azərbaycanla sülh prosesinə heç bir aidiyyəti yoxdur. O, həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur, Ermənistan öz tarixində tamam başqa mərhələyə qədəm qoyub. O, bu həbslərin heç də kilsə əleyhinə olmadığını da diqqətə çatdırıb: "Mənim tərəfimdən Erməni Apostol kilsəsinə qarşı hücumlar yoxdur. Kilsə sənədlərində katolikos vəzifəsini tutan şəxsin, yaxud yepiskopların və kilsənin eyni olduğu yazılmayıb".

Bu açıqlama bir daha ondan xəbər verir ki, Paşinyan kilsəyə qarşı deyil, var-dövlət toplamaq, ianə kampaniyalarından və kilsə torpaqlarından gəlir əldə etmək kimi işlərlə məşğul olan və səlahiyyətlərdən sui-istifadə edən keşişlərə qarşı mübarizə aparır. Bu isə o deməkdir ki, bəzi din xadimlərinin bildirdikləri kimi, Baş nazirin məqsədi heç də erməni kilsəsini dağıtmaq deyil, onu dinin  tələbləri səviyyəsinə uyğunlaşdırmaqdır. Belə vəziyyətdə dövlətin dini strukturları nəzarətə götürməsi və qanunsuzluqlara qarşı hüquqi addımlar atması isə tamamilə əsaslıdır. Amma onlar bu adi həqiqəti başa düşmək istəmirlər.

Xatırladaq ki, bu il mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan kilsələrin vəziyyətini tənqid edərək, onları “eybəcər və zibillə dolu” adlandırmışdı. İyunun 2-də Paşinyan subaylıq andını pozduğu üçün bütün ermənilərin katalikosu II Qareginin ümumerməni katolikosu vəzifəsində qalmasının yolverilməz olduğunu bildirməklə yanaşı, növbədənkənar seçkinin keçirilməsinin zəruriliyini də vurğulamışdı. İyunun 22-də II Qaregin bəyan etmişdi ki, Ermənistan hakimiyyətinin başladığı kilsə əleyhinə kampaniya milli birliyə, ölkənin daxili sabitliyinə ciddi təhlükə və dövlətçiliyə birbaşa zərbədir. Paşinyan isə buna cavab olaraq bildirmişdi ki, o, heç bir şəkildə kilsə əleyhinə kampaniya aparmır. Onun sözlərinə görə, kilsə özü və ailəsi üçün müqəddəsdir, ona görə də heç bir hərəkət kilsəyə qarşı yönələ bilməz. "Nə ediriksə, biz kilsə naminə edirik". Hətta əlavə etmişdi ki, kilsənin transformasiyası prosesi 2018-ci ildə həyata keçirilən siyasi dəyişikliklərlə eyni ruhda gedəcək: “Ermənistan Serj Sarkisyanın hökmranlığından azad edildiyi kimi, kilsə də azad ediləcək”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan hökumətinin başçısının fikrincə, kilsə rəhbərliyinin son illərdəki fəaliyyəti göstərir ki, kilsə artıq dini mərkəz olmaqdan daha çox müəyyən siyasi dairələrin təsir alətinə çevrilib. Bu isə o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi hökumətin bu addımı sadəcə dini məsuliyyətsizliyə qarşı yönəlib.

Bir məsələni də vurğulayaq ki, hazırda  sadə ermənilər həbslərə, onların fikirdaşlarının təşkil etdikləri piketlərə, mitinqlərə olduqca loyal yanaşırlar. Çünki onlar dərk edirlər ki, bu oyunların arxasında Robert Koçaryan, Serj Sarkisyan, Samvel Karapetyan kimi avantüristlər dayanır. Onlar başa düşürlər ki, məhz bu kimi şəxslərin yürütdükləri siyasət üzündən Ermənistan bir neçə dəfə fəlakətə sürüklənib və indi eyni ssenarinin başqa bir versiyası hazırlanır. Bu da Paşiniyana hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə etməyə imkan yaradır. Hətta bu yaxınlarda  bütün ermənilərin katolikosu II Qareginin taxta çıxmasının 26-cı ildönümündə taxtdan salınması planlaşdırılır. Bütün bunları nəzərə alan bəzi erməni siyasətçiləri Paşinyanın din xadimlərinə qarşı mübarizədə uğur qazana biləcəyini istisna etmirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”