Sənayenin inkişafı haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,4 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2024-cü il vəziyyətinə 494,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,5 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2024-cü ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,5 faizini əsaslı təmir, 3,2 faizini cari təmir, 3,4 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 90,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24949,1 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 14219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 faiz artaraq 10729,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
İctimai iaşə
2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1 faiz artaraq 1146,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,0 faiz artaraq 5585,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5189,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 92,9 faizini təşkil etmişdir.
Əməkhaqqı
2024-cü ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 1258,9 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi