01 noyabr 2024 23:43
73

Soyqırımına məruz qalan tarixi-mədəni irsimiz

Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməsi cəmiyyətimizdə bu mövzuya konseptual baxış, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb. 2022-ci il dekabrın 24-də ölkə başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələyə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, bu tarixi torpaqlarımızdakı maddi və mənəvi irsimiz uğrunda mübarizə mərhələsinə start verilib.

Son iki yüz ildə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistanın rəhbərləri ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıblar. Qədim Azərbaycan şəhəri olan İrəvanın Təpəbaşı məhəlləsi də məhz bu çirkin niyyətlərin qurbanı olub. Bütün bunlar “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanı və onun nəticələrini əks etdirən kitabda öz əksini tapıb. Araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov materialların hazırlanmasında Azərbaycan Respublikasının Milli Arxivində, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının Nadir Əlyazmalar Kolleksiyasında, Türkiyə Respublikasındakı Osmanlı Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılan sənədlərdən istifadə olunduğunu və üçüncü dövlətlərin arxivlərində saxlanılan Ermənistan arxivindən götürülmüş mikrofilmlərin tədqiqata cəlb edildiyini bildirib. Araşdırma çərçivəsində İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə Azərbaycan irsinin yüz il əvvəl başlanmış və hələ də davam edən sistemli dağıdılması prosesi, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə mühüm məlumatlar toplanıb.

Təbii ki, İrəvan şəhərinin digər yaşayış massivləri kimi, Təpəbaşı məhəlləsində də azərbaycanlılar həmişə üstünlük təşkil edib. Mütəxəssislərin bildirdiyinə görə, hazırda İrəvan şəhərinin Təpəbaşı hissəsindən təkcə Təpəbaşı məhəlləsinin ərazisi müəyyənləşdirilərək, mövcud abidələrin bazası yaradılıb. Məlum olub ki, burada 300-dən çox yaşayış evi mövcuddur. Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb. Eyni zamanda, hazırda bir çox tikinti şirkətləri Təpəbaşı ərazisində inşaat aparmaqdadır. Mütəxəssislərin dediyinə görə, Təpəbaşı məhəlləsinin özünəməxsus obrazı keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər tərəfindən yaradılıb.

Danılmaz gerçəklik budur ki, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olduğunu sübut edən izləri yox etmək üçün məqsədyönlü şəkildə, kütləvi vandallıq aktları törədilmişdir. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir. Erməni vandalizmi təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adı ilə qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ümumiyyətlə, İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.

Qərbi Azərbaycan İcmasının ötən il məsələ barədə UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubda bildirilir ki, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irsi, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb. Bildirlir ki, Ermənistan hökuməti azərbaycanlı maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.

Tarixi reallıq budur ki, Qərbi Azərbaycanda min illər boyu yaşamız soydaşlarımızın etnik mövcudluğuna son qoyulması və onların mədəni irsinin məhv edilməsi son bir əsrdə dövlət siyasəti səviyyəsində gerçəkləşdirilib. Xüsuilə 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənib. Barbar ermənilər soydaşlarımızı öz yurdlarından köçürməklə kifayətlənməyiblər, həm də oradakı mədəni irsimizi siliblər, tarixi abidələrimizi məhv ediblər. Gün gələcək erməni vandalları bütün bunlara görə ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Zahid Rza, “İki sahil”