ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında səsvermə prosesində saxtakarlığa yol verildiyini bildirib.
“İki sahil” xəbər verir ki, siyasətçi bu barədə sosial media hesabında yazıb.
Xarici medianın məlumatına görə, Şimali Karolina ştatında texniki problemlərə görə səsvermənin müddəti 30 dəqiqə uzadılıb. Ayova ştatında bülletenləri sayan maşınlar sıradan çıxdığı üçün səsvermənin nəticələrinin elan edilməsi gecikəcək.
Sabiq prezident Barak Obama X hesabında bildirib ki, nəticələrin məlum olması bir neçə gün çəkəcək. Eyni hal 2020-ci ildəki seçkilərdə də müşahidə olunub. Obama bu gecikməni seçicilərin çoxluğu ilə izah edib.
Seçkini izləyən təşkilatların müşahidələrinə görə, qadın seçicilər daha çox fəallıq göstərirlər.
Arizona ştatındakı seçki qərargahı ətrafında xüsusi mühafizə tədbirləri görülüb. Binaya girənləri hərbçilər metal detektorları ilə yoxlayırlar. Əraziyə dronlarla nəzarət edilir.