06 noyabr 2024 11:57
75

Prezident seçkilərində Tramp liderlik edir

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ prezidenti seçkilərində liderlik edir. Amerika mediasının ilkin hesablamalarına görə, o, əsas ştatlarda demokrat rəqibi Kamala Harrisi qabaqlayır.

“İki sahil” xəbər verir ki, CNN telekanalının məlumatına əsasən, hazırda Tramp qalib gəlmək üçün lazım olan 270 seçkiçi səsindən 230-nu əldə edir. Onun rəqibi isə 182 səs toplayır.

Demokratlara meyilli olan “NBC News” da Donald Trampa üstünlük verir - 230 və 189 səs. Ənənəvi olaraq respublikaçılara rəğbət bəsləyən “Fox News” hesab edir ki, bu saata qədər sabiq prezident 232 seçkiçinin, Kamala Harris isə 189-nun dəstəyinə arxalana bilər.

“The New York Times” nəşri Trampın qələbə şansını 90 faiz qiymətləndirir. Qəzetin proqnozlarına əsasən, o, son nəticədə 298, rəqibi isə 240 seçkiçi səsi qazanacaq.

“Fox News” telekanalı, “The New York Times”, “The Washington Post” qəzetləri və “Axios” portalı tərəddüd edən 7 ştatdan 6-da - Arizona, Viskonsin, Corciya, Miçiqan, Pensilvaniya və Şimali Karolinada Trampın öndə getdiyini bildirir. Məhz bu ştatlarda səsvermənin yekunları prezident seçkilərinin nəticəsini müəyyən edəcək.

Eyni zamanda, sakinləri ənənəvi olaraq respublikaçılara rəğbət bəsləyən ştatlarda, o cümlədən Ayova, Kanzas, Montana, Texas və Yutada Donald Trampın üstünlük əldə edəcəyi gözlənilir. Medianın proqnozlarına görə, Kamala Harris isə Vaşinqton, Kaliforniya, Nyu-York və Oreqon ştatlarında qalib gələcək.