06 noyabr 2024 14:11
152

Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir - FOTO

Noyabrın 6-da Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyev  müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda növbəti seminarı keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir: Ölkəmizin əsas qanunu olan Konstitusiya hər bir vətəndaşın fəaliyyətinin əsasıdır. Çünki bu fəaliyyət müstəqil Azərbaycanın təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə kömək edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.

Seyfəddin Əliyev qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaranmış Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmayıb. Lakin Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində Konstitusiya xarakteri daşıyan bir neçə akt, qərar qəbul edib və onların əsasında fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda Sovet hakimiyyəti dövründə beş konstitusiya qəbul olunsa da, əslində onlar SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılırdı. Ümummilli lider Heydər Əliyevin ən gözəl əsərlərindən biri sayılan Konstitusiyamız bu gün özündə müasir demokratik amilləri əks etdirir və dünyanın bir çox ölkələrinin konstitusiyalarından öndə durur.

Seminarda iştirak edən şəhər 2 saylı məktəbin müəllimi Elanora Babayeva məruzə ilə çıxış edərək bildirdi: Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirildi və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

Seminarda iştirak edən Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Böyük Xocavar kənd məktəbinin müəllimi Həlimə Məlikova və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu milli tərəqqi yolundan və  Azərbaycanın tarixi nailiyyətlərindən bəhs ediblər.