Azərbaycan Qətərin paytaxtı Dohada, bu ölkənin Maliyyə Mərkəzinin dəstəyi ilə keçirilmiş “İnnovativ Reyestrlər - Gələcəyin Biznes Təminatçıları” mövzusunda Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İllik Konfransında təmsil olunub.
"İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə ölkəni qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev və Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov təmsil ediblər.
Konfransın məqsədi müasir dövrdə biznesin dayanıqlı fəaliyyətə doğru transformasiyası şəraitində diqqəti qeydiyyat prosesinin daha innovativ həllər əsasında təşkil edilməsinə yönəltməkdir. Tədbir çərçivəsində benefisiar mülkiyyət, səhmlərin və aktivlərin tokenləşdirilməsi, korporativ müflisləşmə mövzularında sessiyalar təşkil edilib.
Konfrans çərçivəsində texnologiyaların biznesin gələcəyini yenidən formalaşdırması, iqtisadi tərəqqiyə təkan verən və daha səmərəli mexanizmlərin tətbiqi imkanları gündəmə gətirilib, biznes reyestrində rəqəmsallaşma, elektron üsullar və süni intellektin tətbiqi barədə təcrübələr təqdim olunub. Bildirilib ki, innovativ reyestrlər saxtakarlığa qarşı effektiv mübarizə metodudur, eyni zamanda, şəffaf qeydiyyat, əməliyyatları avtomatlaşdıran və xərcləri azaldan blokçeyn kimi texnologiyaları əhatə edir. Biznes mühitində bu irəliləyişlərin qeydiyyat proseslərini asanlaşdırmaqla, əlavə xərcləri azaltdığı, etimadı artırdığı, sahibkarlıq və investisiya üçün daha əlverişli mühit yaratdığı diqqətə çatdırılıb. Konfrans çərçivəsində innovativ reyestrlərin biznes mühitinin gələcəyi üçün formalaşdırdığı inkluziv əsaslar iştirakçılara təqdim edilib.
CRF kommersiya qeydiyyatçılarının xidmətlərini yaxşılaşdırmaq, qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə ötən il Yeni Zelandiyanın Okland şəhərində təsis olunub, qeydiyyat sahəsində geniş təcrübəyə malik Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla özündə 60 qurumu birləşdirir. Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış olması, korporativ biznes qeydiyyatı sistemlərinin hazırkı və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır. Azərbaycan 2012-ci ildən CRF-in tam hüquqlu üzvüdür.