ESG üzrə vahid platforma müvafiq sahədə məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaqdır.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid plaformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA-nın İdarə Heyətinin sədri, müvafiq komissiyada ESG üzrə altqrupun da təmsil olunduğu “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun rəhbəri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ESG-nin əhəmiyyəti, ətraf mühitə təsiri, ESG-nin sosial tərəfləri, bu prinsiplərin tətbiqinin dayanıqlı və davamlı inkişafa təsiri, özəl sektor üçün faydası və bu sahədə beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova ESG üzrə vahid platformaya (https://esghub.az/) və Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru İlham Bayramov ESG üzrə milli standarta dair təqdimatlarla çıxış edib, BMT Azərbaycanın Tərəfdaşlıq və İnkişaf Məsələləri üzrə məsul şəxsi Ülviyyə Əkbər ESG platformasının ideyası barədə məlumat verib. Vurğulanıb ki, ESG üzrə vahid platforma daima yenilənən və ESG ilə əlaqəli hərtərəfli məlumat və materialları birləşdirən resurs mərkəzi rolunu oynayacaq. Platforma bizneslərin cari vəziyyəti, dayanıqlılığı, ESG hesabatlılığı üzrə indikator və məlumatları təmin etməklə, xarici investorların cəlb edilməsinə xidmət edəcək. Tərəfdaşlar ESG ilə əlaqəli xidmətlərini bu platforma üzərindən biznes subyektlərinə təqdim edə biləcək, bizneslər isə ESG üzrə təcrübəli mütəxəssis və peşəkar şirkətlərə çıxış imkanı əldə edəcəklər. Platforma ətraf mühit və dayanıqlı inkişaf məsələlərinə, beynəlxalq reytinqlərdə ekoloji performansla bağlı göstəricilərə müsbət töhfə verəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə istifadəyə verilən ESG üzrə vahid platforma həm də ölkənin ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir.
Konfransda qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir. Standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır.
Tədbir öz işini “Daha yaşıl gələcəyin qurulması: ESG platforması və prinsiplərinin effektiv həyata keçirilməsi üçün strategiyalar” mövzusunda panel müzakirələrlə davam etdirib, iştirakçıların sualları cavablandırılıb.