06 noyabr 2024 16:53
169

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında tədbir keçirilib

20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və STM-nin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ailə sağlamlıq mərkəzlərinin baş həkimləri, Uşaq Xəstəxanasının kollektivi, valideynlər və uşaqlar iştirak edib. 

Tədbiri giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi qurumun uşaqların sağlamlığının qorunmasındakı fəaliyyətindən və həyata keçirilən tədbirlərdən danışıb.  

E. Azadxanov uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyətini vurğulayıb. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O,  bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. 

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Müzəffərova isə bildirib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 

Rəhbərlik etdiyi tibb müəssisəsinin fəaliyyətindən danışan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova  həyata keçirilən tibbi xidmətləri diqqətə çatdırıb. 

Digər çıxış edənlər cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələr və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat veriblər.

Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.