Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna liderliyi və qətiyyəti sayəsində xalqımız dördüncü ildir ki, təntənəli şəkildə Zəfər bayramını qeyd edir. 2020-ci il noyabrın 8-də işğalçı Ermənistanın bel sütununun qırılması Zəfərə qovuşduğumuz gün kimi Azərbaycanın tarixinə yazıldı.
Bu zəfərimiz uzun illər ərzində dövlətimizin siyasi nüfuzunun, mükəmməl ordu quruculuğunun və iqtisadi potensialının artırılması istiqamətində aparılan, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilən müdrik siyasətin məntiqi nəticəsi idi.
Zəfərə aparan şərəfli yol Ümummilli Lider Heydər Əliyevin milli inkişaf doktrinasına söykənirdi. Onun təməllərini qoyduğu mükəmməl dövlətçilik irsi və inkişaf modelini cənab Prezident ötən illər ərzində bir nömrəli müqəddəs amalımız olan torpaqlarımızın işğaldan azad edilməsinə yönəltdi.
Beləliklə, unikal demokratik dövlət idarəçiliyi sayəsində Azərbaycanın güclü iqtisadiyyatı formalaşdı, neft gəlirləri və enerji diplomatiyası milli inkişafın və güclü ordu quruculuğunun möhkəmlənməsinə zəmin yaratdı.
“Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı” bəyanatı dayanıqlı iqtisadi potensialın milli hədəflərə çatmaqda ən möhkəm sütunlardan biri olduğunu təsdiqləyir.
Eyni zamanda, Azərbaycan həmin illər ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilis-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb və digər transmilli enerji və nəqliyyat layihələrini həyata keçirməklə, regional təşəbbüskarlığını artırmaqla bölgədə tamamilə yeni mənzərə formalaşdırdı, coğrafiyamızın enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən cızdı. Bu uzaqgörən milli maraqlara dayanan siyasət ölkəmizin beynəlxalq miqyasda etibarlı dövlət imicini formalaşdırdı, nüfuzun artırdı.
Həmçinin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlarla qurulan səmərəli əməkdaşlıq tərəfdaş ölkələrinin sayının çoxalmasına səbəb oldu. Dövlətimizin başçısı tərəfindən müəyyən edilən uğurlu xarici siyasət sayəsində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstək ifadə edən beynəlxalq sənədlər qəbul edildi.
Beləliklə, cənab İlham Əliyev tərəfindən yürüdülən siyasət 30 illik ədalətsizliyin bərqərar olunmasına, hərbi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə, müqəddəs bayrağımızın Azərbaycanın bütün guşələrində dalğalanmasına yönəlmişdi.
Zəfərə doğru addım-addım milli güc arxitekturasını möhkəmləndirən Ali Baş Komandan dünya birliyində Azərbaycanın müstəqil və nüfuzlu dövlət simasını formalaşdırdı. Eyni zamanda, Azərbaycan cəmiyyətini vahid amal ətrafında səfərbər etdi, Silahlı Qüvvələrimizi Vətən müharibəsində qazanılan möhtəşəm qələbələrə hazırladı.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Azərbaycan dünya siyasi tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini özü, təkbaşına icra etdi, haqqı, ədaləti bərpa etdi. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı dünya azərbaycanlılarına qədim tariximizin son 200 ilində ilk dəfə qazanılmış Zəfəri yaşatdı.
Zəfərə gedən yol Azərbaycan xalqının mütəşəkkilliyini, həmrəyliyini, xalq-iqtidar birliyini daha bariz şəkildə nümayiş etdirdi. Hər bir azərbaycanlı, Vətən torpaqlarının azad olunmasını müqəddəs amal və borc hesab edərək bu şərəfli yolda Ali Rəhbərinin ətrafında sıx birləşdi.
Azərbaycan 30 il ərzində üzləşdiyi haqsızlıq və ədalətsizliyin təzahürlərinin Vətən müharibəsi günlərində bir daha şahidi oldu. Müharibənin ilk günlərində və uğurlu hərbi əməliyyatların davam etdiyi zaman, işğalçı Ermənistanı və qondarma rejimi müdafiə edən ölkələrin riyakarlığı da diqqətdən kənarda qalmadı. Münaqişənin “həlli” ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa açıq-aşkar təcavüzkar dövlətə birmənalı dəstəyini ifadə etdi. Erməni lobbisinin təsiri altında olan ABŞ və digər Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli rəsmilərinin də ermənilərə dəstək mesajları Azərbaycana qarşı qərəzli mövqeyi, ədalətsizliyi göstərdi. Eləcə də Ermənistan və havadarlarının ölkəmizə təzyiq cəhdləri informasiya savaşında daha qabarıq şəkildə sərgilənirdi.
Bütün hədə və təhdidlərə, təxribatlara baxmayaraq, qətiyyətli sərkərdəmiz İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirmək məharəti və məntiqli arqumentləri ilə bu təzyiq və haqsız hücumların hər birini darmadağın edərək ermənipərəst siyasəti iflasa uğratdı. Dövlət başçısı həm müharibə cəbhəsində, həm də diplomatik meydanda inamlı qələbələr qazandı, haqq savaşını qalib başa çatdırdı.
Zəfər xalqımızın qürur və ləyaqət rəmzidir. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradı keçirilib, 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri yan-yana adımlayıb. Paradda Vətən müharibəsinin ilk günlərindən sona qədər Azərbaycana siyasi və mənəvi dəstək verən, yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə iştirak etməsi qardaşlığın sarsılmaz gücünü nümayiş etdirdi.
Azərbaycan Prezidenti Zəfərin yaratdığı yeni reallıqlar fonunda ölkəmizə iqtisadi, siyasi, sosial, hərbi, mədəni, humanitar və digər sahələrdə də zəfərlər qazandıraraq respublikamızı tarixinin ən inkişaf edən güclü dövlətinə çevirməkdədir. O, bununla yanaşı, bölgənin sülh gündəliyini müəyyən edir, regionda qarşılıqlı etimad və sülh quruculuğu yönündə müdrik və humanist siyasət yürüdərək böyük bir coğrafiyalar arasında körpü qurur, bölgənin əbədi dinc həyatı və tərəqqisi, daimi rifahı üçün öz əvəzolunmaz töhfələrini verir.
Ali Baş Komandan öz Zəfər missiyasını 4 ildir ki, azad edilmiş torpaqlarda davam etdirir. Təsadüfi deyil ki, Zəfərimizin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq məqsədilə həm paytaxtımızda, həm də işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır.
Ramid Namazov,
Milli Məclisin deputatı