06 noyabr 2024 17:23
246

Kürdəmirdə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

Noyabrın 6-da 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya fəalları  iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bildirib ki, bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan ordusunun qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı.  Bəli, bu Qələbə müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi. Şuşa Qələbəsi, Şuşa uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi.  Bu Zəfərdən sonra Azərbaycan dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi. Tarixi Zəfərimizdən ötən dörd ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar.

Sonda rayon təşkilatının sədri Ayaz Cəbrayılov 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayonun ictimai-siyasi həyatında  və sosial mediada fəaliyyətlərinə görə  fərqlənən bir qrup  partiya fəallarına hədiyyələr təqdim edərək  onları  təbrik etdi  və siyasi fəaliyyətlərində  uğurlar arzuladı.