Noyabrın 6-da 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə görüşüb. Deputat vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdıqları məsələlərə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçular da iştirak etdilər. Onların qarşılaşdıqları çətinliklər xüsusi diqqətə alındı və həmin məsələlərin həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirildi. Vətən müharibəsi qazilərinin müraciətləri ayrıca nəzarətə götürülərək, problemlərin həlli üçün müvafiq addımlar atılmağa başlanıldı. Dövlətin bu şəxslərə göstərdiyi diqqət və qayğıya görə qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər.
Vətəndaşlar arasında əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı müraciətlər ön plana çıxdı. Bir sıra məsələlər dərhal həll edildi, digər məsələlərin araşdırılması üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.
Qəbulda Abşeron-Xızı Regional Məşğulluq filialının böyük mütəxəssisi Salatın Əliyeva və aparıcı mütəxəssisi Rəşad İsazadə vətəndaşların məşğulluq məsələlərinə dəstək vermək məqsədilə iştirak ediblər. Vətəndaşlara məşğulluqla bağlı mövcud imkanlar, işəqəbul prosesi və peşə hazırlığı barədə ətraflı məlumat verildi.