Kanada federal hökuməti milli təhlükəsizliklə əlaqədar TikTok-un ölkədəki fəaliyyətini dayandırmasını istəyib. Bununla belə, bu qərar kanadalıların məşhur sosial media proqramına daxil olmasına mane olmayacaq.
“İki sahil”in məlumatına görə, Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua-Filip Şampan, Toronto və Vankuverdəki TikTok ofislərinin bağlanması qərarının milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumat və sübutlara əsaslandığını bildirib.
"TikTok-un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldik", deyən Şampan əlavə edib ki, hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlaşılacağına ümid edir.
Açıqlamada TikTok-dan istifadənin şəxsi seçim olduğu vurğulanıb və kanadalıları proqramdan şüurlu şəkildə istifadə etməyə çağırılıb.
Şampan valideynləri və tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar olmağa çağırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”