07 noyabr 2024 12:33
221

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: Dünyada məcburi köçkünlərin sayı 123 milyona çatıb

Dünyada davam edən münaqişələr fonunda məcburi köçkünlərin sayı 123 milyon nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi BMT Baş Assambleyasının üçüncü komitəsinin iclasında bildirib.

F.Qrandi vəziyyətin pisləşməsi fonunda təcili beynəlxalq dəstəklə bağlı çağırış edib. Onun sözlərinə görə, Livan, Sudan və digər regionlarda davam edən münaqişələr məcburi köçkünlərin sayının daha da artmasına səbəb olacaq.

Ali komissar qeyd edib ki, son həftələr ərzində Yaxın Şərq münaqişəsi fonunda fəlakətli humanitar vəziyyətlə əlaqədar 470 000 nəfər Livandan Suriyaya keçib.

"Sudanda da vəziyyət kritik həddə çatıb - 18 aydır davam edən münaqişə nəticəsində 11 milyondan çox insan köçkün düşüb. Biz ölkənin sosial infrastrukturunun çökməsini müşahidə edirik", - o xəbərdarlıq edib.

F.Qrandi hökumətlərin sərhəd nəzarəti ilə bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi tendensiyasının artmasından xüsusi narahatlığını ifadə edib. O vurğulayıb ki, belə yanaşmalar nəinki səmərəsizdir, həm də onların beynəlxalq hüquqi öhdəliklərini pozur.

Komissar köçkünlük probleminin həllinə daha hərtərəfli və effektiv yanaşma nümayiş etdirməyə çağırıb.

"Biz hətta çətin vaxtlarda belə birlikdə hərəkət etmək imkanına malik olmalıyıq", - o bildirib və bütün dünyada köçkünlər və vətəndaşlığı olmayan şəxslərlə beynəlxalq həmrəyliyin davam etdirilməsinin vacibliyini vurğulayıb.