13 noyabr 2024 14:12
425

Ermənistan və havadarlarının kapitulyasiya aktı imzaladığı tarix - 10 noyabr 2020

2020-ci ildə başlanmış 44 günlük müharibədə ölkəmizin inamlı qələbəsini və tarixi Zəfərini, işğalçı ölkənin kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr Üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bəyanatın imzalanması Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayaraq münaqişənin sülh yolu ilə həllindən imtina edən, “Böyük Ermənistan” xəyalları quran erməni faşizminin və arxasında duran böyük güclərin planlarını fiaskoya uğratdı, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq niyyətlərini alt-üst etdi.

Sözsüz ki, bu sənədin imzalanması Ali Baş Komandan İlham Əliyevin unikal siyasi-diplomatik məharətinin və Azərbaycan Silahlı Qüvvələrinin qarşısıalınmaz hərbi qüdrətinin nəticəsidir. Ermənistanın təslimçilik sazişi adlanan bu sənəd Ağdam, Laçın və Kəlbəcər rayonlarının heç bir güllə atılmadan geri qaytarılmasını və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini də hüquqi cəhətdən təsbit etmiş oldu.

“Üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır” deyən Prezident İlham Əliyevin sarsılmaz iradəsi sayəsində noyabrın 10-dan sonrakı mərhələdə bölgənin ictimai-siyasi landşaftı büsbütün dəyişdi, ölkəmizin gələcək strateji uğurlarının əsası qoyuldu. Post-münaqişə dövründə hərbi-diplomatik potensialını daha da gücləndirən Azərbaycan bütün səylərini bölgənin sabitliyi və təhlükəsizliyinə, dayanıqlı sülhün və burada yaşayan xalqların səadətinə yönəltməyə çalışdı, öz sülhpərvər humanizm missiyasını nümayiş etdirdi. Bölgədə məskunlaşmış ermənilərlə Ermənistan arasında rabitəni təmin edən yeni nəqliyyat marşrutunun inşasını vaxtından əvvəl yerinə yetirməklə onların da layiqli həyat şəraiti üçün dayanıqlı rifah arxitekturası qurmağa çalışdı.

Təəssüf ki, hər zaman beynəlxalq hüquq normalarını və razılaşmalarına riayət etməyən Ermənistan Üçtərəfli Bəyanatın hüquqi məsuliyyətinin dərk etməyərək şərtləri pozmağa başladı. İrəvandakı revanşist və xaricdəki erməni lobbisinin, onların havadarlarının təhriki ilə ərazidə qanunsuz yerləşən hərbi birləşmələrin Azərbaycan Ordusuna qarşı terror əməlləri baş verdi.

Bəyanatın imzalanmasından cəmi 15 gün sonra, noyabrın 26-da Xocavənd rayonunun Sor kəndində Azərbaycan hərbçilərinə qarşı erməni silahlılarının qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid oldu, 2 nəfər yaralandı. Bundan 12 gün sonra, dekabrın 8-də Hadrudda separatçılar daha bir əsgərimizi şəhid etdi, ərazidə kommunikasiya xidməti işlərini aparan mülki vətəndaşlarımızı ağır yaraladılar. Dekabrın 10-da isə terrorçular Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində əsgərlərimizə və mülki şəxslərə yenə hücum edərək növbəti terror törətdilər. Dekabrın 27-də Xocavənddə oxşar silahlı təxribatlar yenə də baş verdi. Azərbaycan Ordusu bu təxribatlara layiqli cavab verərək onlarla terrorçunu zərərsizləşdirdi.

Ancaq bunlar ermənilərə dərs olmadı, proseslərin sonrakı gedişi göstərdi ki, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, faşist xislətinə sadiq qalaraq sabitliyi pozmağa, qan tökməyə çalışır, Xankəndidə gizlənmiş terrorçu rejimə hərbi yardımlarını davam etdirir, onları yenidən silahlandırmaqla xəyallar qururdu. Xankəndi şəhər meydanında rejim liderlərinin rəhbərliyi ilə yürüş və digər aksiyaların keçirilməsi, açıq-aşkar müharibə çağırışlarının səsləndirilməsi, qondarma “respublikanın azadlığı” uğrunda “silahlı qüvvələrin” səfərbər edilməsi planları 10 noyabr sazişinin Ermənistan tərəfindən sanki heçə sayıldığını göstərirdi. Erməni əsilli milyarder Ruben Vardanyanın Xankəndinə köçməsi və özünü qondarma dövlətin hökumət başçısı elan edərək Azərbaycanın dövlət müstəqilliyinə və Konstitusiya quruluşuna qarşı təhdidlər səsləndirməsi artıq özbaşınalığın son həddi və 10 noyabr Bəyannaməsinin ayaq altına alınması demək idi.

Bütün bunlarla yanaşı, Ermənistan 10 noyabr Bəyanatında nəzərdə tutulan digər bəndlərin icrasını da yerinə yetirməkdən boyun qaçırdı, Azərbaycanın dövlət orqanlarının öz ərazilərimizdə xidməti vəzifələrini yerinə yetirməsinə mane olaraq bölgədəki təbii sərvətlərimizi qanunsuz istismar edir, özlərini bölgənin mütləq sahibi kimi aparırdılar. İrəvan – hərbi xunta – erməni silahlıları 44 günlük müharibədəki öldürücü məğlubiyyəti sanki unutmuşdu.

Sözsüz ki, Azərbaycan hökuməti və Silahlı Qüvvələri Ermənistanın bu revanşist niyyətinə, imzaladığı təslimçilik aktının şərtlərini pozaraq yeni təxribatlarına səssiz qala bilməzdi. Laçın dəhlizinin bölgədə yaşayan insanların kommunikasiyası üçün açıq saxlanılmasından sui-istifadə edən Ermənistanın bu qanunazidd hərəkətlərinə qarşı adekvat tədbirlər görən Azərbaycan dövləti 2023-cü ilin aprel ayında dəhlizin girişində nəzarət-keçid rejimi tətbiq etdi.

Silah və hərbi avadanlıqların daşınmasının qarşısı alındıqdan sonra ermənilər humanitar şou yaratmağa çalışsalar da, Rusiya sülhməramlılarının onların planlarının həyata keçməsinə  göz yumacaqlarına inansalar da, Azərbaycanın dəmir iradəsi qarşısında heç bir kənar qüvvənin onlara kömək edə bilməyəcəyinin şahidi oldular.

Ermənistan və Qarabağda məskunlaşan terrorçular zənn edirdilər ki, kapitulyasiya aktı onlar üçün kağız parçasıdır və Bəyanatın bəndlərini pozmaqda davam edə bilərlər. Ancaq Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdiyi kimi bu sənədin də hüquqi qüvvəsini özü təmin etməyə məcbur oldu. Bir günlük anti-terror tədbirləri ilə Xankəndi və ətraf ərazilərdə gizlənmiş minlərlə erməni silahlısı zərərsizləşdirilərək bölgədə əbədi sülh və əmin-amanlığı bərqərar olundu.

Azərbaycanın yaratdığı geosiyasi reallıqlar və məharətli siyasi qərarları sayəsində Bəyanatın ən mühüm bəndlərindən biri – bölgədə sabitliyi təmin etmək üçün müvəqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının 5 illlik mandatı da vaxtından əvvəl tamamlandı və onlar Qarabağı tərk etdi. Bu fakt göstərdi ki, 10 noyabr Bəyanatının əsas ana prinsiplərindən biri olan sabitliyin və təhlükəsizliyin təmin edilməsinin yeganə qarantı Azərbaycan Respublikasıdır.

Ötən 4 ildə bölgədə və Azərbaycanda xeyli dəyişikliklər baş verib, daha da güclənən ölkəmiz regionun siyasi taleyini müəyyən və dizayn edən dövlət kimi qəbul olunmaqdadır. Rəsmi Bakı 10 noyabr Bəyanatının son akkordu olan Zəngəzur dəhlizinin açılması yönündə səylərini və nəqliyyat infrastrukturu quruculuğunu dayanmadan davam etdirir.

Ramid Namazov,
Milli Məclisin deputatı