COP29 Sədrliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) birgə təşkilatçılığı ilə keçirilən “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri çərçivəsində Energetika Naziriliyi və BAEA Anlaşma Memorandumu imzalayıb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, “Azərbaycanın Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu energetika naziri Pərviz Şahbazov və BAEA-nın Baş direktoru Rafael Mariano Grossi imzalayıb.
Energetika naziri Pərviz Şahbazov deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzaladığımız enerji planlaşdırması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu ölkəmizin təmiz enerji keçidi və yaşıl enerji sahəsindəki ambisiyalarını daha da gücləndirmək niyyətinin ifadəsidir: “Atoms4NetZero təşəbbüsü çərçivəsində nüvə enerjisinin, o cümlədən kiçik modul reaktorların (SMR) təmiz enerji keçidindəki potensialının təhlili üzrə əməkdaşlıq Azərbaycanın enerji sahəsinə yeni bir impuls verəcəkdir. Bu memorandumun əsas məqsədi nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqatlar, layihələr həyata keçirməkdir. BAEA ilə əməkdaşlığımız, Azərbaycanın nüvə enerjisinin gələcəkdə tətbiqinə doğru irəliləməsini təmin edəcək və enerji sisteminin daha da şaxələndirilməsinə imkan yaradacaqdır”.
BAEA-nın baş direktoru Rafael Mariano Grossi deyib: “Bu gün Azərbaycan və BAEA arasında qurulan bu əməkdaşlıq çərçivəsini alqışlayırıq, çünki bu, təmiz enerji keçidinin uğuru və davamlılığının təmin edilməsində uzunmüddətli strateji planlaşdırma və potensialın artırılması üçün vacib rol oynayacaq. Azərbaycanın Paris Sazişi öhdəlikləri çərçivəsində nüvə enerjisinin potensialını araşdırmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirində energetika nazirinin müavini Orxan Zeynalov çıxış edib. Nazir müavini Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr, karbon emissiyalarının azaldılması və enerji keçidi planlarından bəhs edib. Enerji keçidinin bütün təmiz enerji növlərindən istifadəni aktuallaşdırdığını qeyd edib. O da vurğulanıb ki, nüvə texnologiyalarının geniş miqyasda tətbiqi və inkişafı yalnız siyasi iradə ilə deyil, həm də əhəmiyyətli maliyyə dəstəyi ilə mümkün ola bilər: “Burada əsas çağırış, bu resursları cəlb etmək və onları ədalətli şəkildə paylamaqdır ki, hər bir ölkə, xüsusən də inkişaf etməkdə olanlar, bu keçiddə bərabər iştirak edə bilsin” .
Tədbir panel müzakirələrlə davam edib.