Tarixi Şanlı Qələbədən 4 il ötür. Lakin hələ də Ermənistan, dünyanın müxtəlif ölkələrindən ermənilər və onların havadarları, onları müdafiə edən siyasi dairələr tərəfindən böyük Qələbəmizi dəyərsizləşdirmək cəhdləri davam edir. Biz həm də ölkəmizə qarşı edilən “ikili standartların” şahidiyik. Əslində, biz bunları əvvəllər də, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında olanda da görmüşük. Ancaq, möhtəşəm Zəfərimizdən sonra bu yanaşmalar daha da gücləndi. Ukrayna müharibə aparır. ABŞ və Avropa Birliyi, Avropa ölkələri milyardalarla avro hərbi yardım edir, dəstək göstərirlər. Torpaqlarımızın bütün işğalı illərində ABŞ və Aİ-dən Azərbaycana hərbi yardım oldumu? Yox, olmadı. Əksinə, eyni ABŞ-ın Azərbaycana hər hansı yardımın ayrılmasını məhdudlaşdıran 907 saylı biabırçı düzəlişi necə qəbul etdiyini gördük. Bu, 1992-ci ildə erməni işğalçılarının Xocalıda soyqırımı törətdiyi, Şuşa və Laçının işğalı zamanı qəbul edildi. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdı. ABŞ, Böyük Britaniya, Aİ və Kanada tərəfindən Rusiyaya qarşı ilk sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyaya qarşı sanksiyalar xeyli sərtləşdirildi. Bəs o zaman Azərbaycan ərazilərinin 20%-nin işğal altında olduğu bütün illər ərzində niyə Ermənistana qarşı heç bir sanksiyalar tətbiq edilmədi? İşğal olunmuş əraziləri itirmək ağrımız Ukraynanın ağrısından nə ilə fərqlənir? Amma bütün cinayətlərinə, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının dörd qətnaməsinə məhəl qoymayan Ermənistana qarşı heç vaxt sanksiyalar tətbiq edilməyib. Bu da Azərbaycanla dialoqda mentorluğa cəhd etmək cəsarəti olan ölkələrin növbəti riyakarlığıdır. Bu gün Azərbaycan Prezidentinin də vurğuladığı kimi, “İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.
Noyabrın 8-də Zəfər Parkının açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti revanşist qüvvələrə, Ermənistanın havadarlarına, onu silahlandıran dövlətlərə, eləcə də rəsmi İrəvana ünvanlanmışdı6 “Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar”. Bu doğrudur. Məhz Ermənistan rəhbərliyinin mövcud reallığı düzgün şəkildə dəyərləndirə bilməməsi onları 44 günlük müharibəni qaçılmaz edən addımlar atmağa sövq etdi. Bundan sonra hətta Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzaladıqdan sonra da Qarabağ xuntasının maliyyələşdirilməsi və hərbi yardım göstərilməsi baxımından rəsmi İrəvanın təxribat xarakterli hərəkətləri davam etdi. Bu, Azərbaycanı Qarabağ iqtisadi rayonunda bir günlük antiterror əməliyyatı keçirməyə məcbur etdi, nəticədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Amma indinin özündə də İrəvanın sülh sazişi imzalamağa hazır olması barədə tez-tez bəyanatlar səsləndirməsinə baxmayaraq, biz Ermənistanın hərbiləşdirilməsi ilə bağlı aydın iş görürük. Hansı ki, rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasına dəyişiklik etmək istəməməsi bu ölkənin və onun himayədarlarının əsl məqsəd və planlarının nədən ibarət olduğunu aydın şəkildə anlamağa imkan verir. Onların hamısına Azərbaycan prezidenti İlham Əliyev aydın mesaj göndərdi: “ Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq”. Və dövlətimizin başçısının dediklərindən düzgün nəticə çıxarmaq Ermənistan rəhbərliyinin maraqlarına uyğundur. Bəli, Ermənistanda və erməni revanşizmini dəstəkləyən ölkələrin paytaxtlarında Azərbaycan prezidentinin sözünün qiymətini çox gözəl bilirlər. Ölkəmiz bütün dünyaya sübut etdi ki, tarixi məqsədlərə çatmaq üçün heç bir maneə yoxdur. İndi bizim tarixi məqsədimiz Cənubi Qafqaz regionunda ədalətli və uzunmüddətli sülhün bərqərar olmasıdır. Bu isə o zaman mümkündür ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirəcək.
Cənab İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir. Strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik ölkə yaratmaqdan ibarətdir. Və gözlərimizin önündə belə bir ölkə yaranır. Hamımız bu tarixi hadisənin canlı şahidləriyik.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor