15 noyabr 2024 11:00
97

12 noyabr Azərbaycan Respublikasının əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilib və müstəqilliyimiz bərpa edildikdən sonra ilk Konstitusiyamızdır.

1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.  

Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, daha sonra buna uyğunlaşdırılaraq 1925-ci il martın 14-də yenidən IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri məhz müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi.1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.  Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Konstitusiya hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Dahi şəxsiyyət bütün sahələrin dirçəlişinə və inkişafına diqqət göstərdiyi kimi, qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsinə, xüsusilə ölkəmizin ana qanunu olan Konstitusiyamızın qəbul edilməsi prosesinə də xüsusi diqqət göstərirdi, bunun dövlətçilik tariximizdə olduqca vacib bir addım olduğunu vurğulayırdı. 

Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Konstitusiyamız  5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq  Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı il fevralın 6-da noyabrın 12-i Konstitusiya Günü elan edildi və hər il bu tarixi gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Konstitusiyaya ilk əlavə və dəyişikliyin 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. 

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi ölkə rəhbəri  cənab İlham Əliyevin rəhbərliyi  altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır.  Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət  Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə  nail olunmasını qazandırdı. Ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ da  bərpa edildi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri