Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Qarşılanma mərasimindən sonra birgə foto çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış edib. Çıxışa qonaqları salamlayaraq başlayan dövlət başçısı bildirib ki, ötən ilin dekabr ayında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulmaslı ilə nəticələnib. Azərbaycan həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib.
BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə biz iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil edirik. Multikulturalizm bizim dövlət siyasətimizdir. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, boykotu təşviq edən dairələr əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampanyası başlansın. Onlara pis xəbər var : bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik : Azərbaycana xoş gəlmisiniz !
Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü