15 noyabr 2024 22:43
89

COP29 boyda daş düşüb C.Borrelin başına

Azərbaycanın iqlim dəyişmələri ilə bağlı mötəbər tədbirə möhtəşəm ev sahibliyi etməsini həzm edə bilməyən Avropa İttifaqının bu “ali nümayəndəsi” erməni lobbisinin diktəsi ilə daim ölkəmizə qarşı kin-küdurət qusur, əsassız ittihamlar və iddialar səsləndirir

Təkcə ölkəmizdə deyil, “qoca qitə”nin özündə də siyasi riyakarlığı ilə tanınan Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel COP 29 tədbirlərinin davam etdiyi günlərdə də Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyası aparmaqdan geri durmur. Bu da təsadüfi deyil. Daim ermənipərəst mövqeyi ilə tanınan bu zatın Aİ-dəki fəaliyyətinə, ruslar demişkən “istoriya bolezni”sinə diqqət yetirərkən onun ölkəmizə qarşı  qərəzli, ədalətsiz yanaşmasının ilginc səbəbləri ortaya çıxır.

Uzun illərdir ki, ölkəmizə qarşı aqressiv mövqeyi ilə tanınan, erməni lobbisinin göstərişlərini yerinə yetirən C.Borrel qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü, bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsindən, separatizmə birdəfəlik son qoymasından sonra daha da aqressivləşib. Cəmiyyətimizin sağlam və aydın düşüncəli nümayəndələri yaxşı bilirlər ki, İkinci Qarabağ müharibəsindən sonra Aİ-nin bu “ali nümayəndəsi” erməni lobbisinin diktəsi ilə daim ölkəmizə nifrət, kin-küdurət qusur, əsassız ittiham və iddialar sovurur.

Heç kimə sirr deyil ki, bu ilin əvvəllərində Avropa Parlamentinin Xarici əlaqələr Komitəsi tərəfindən hazırlanmış “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat”da Azərbaycana qarşı bir sıra əsassız iddiaların yer almasında da C.Borrelin barmağı var idi. Bu ünsürün o vaxt “Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək” kimi açıqlaması ilə Azərbaycanı açıq-aşkar təhdid etməsi dediklərimizi bir daha təsdiq edir. Ən əsası da odur ki, o zaman ölkəmizin başçısının tutarlı cavabı Aİ-nin təmsilçisinə tərs şillə effekti vermişdi. Dövlətimizin başçısı bu barədə demişdi: “Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Həmin bu C.Borrel Bakıda iqlim dəyişmələri ilə bağlı mötəbər tədbirin davam etdiyi günlərdə ölkəmizin bostanına daş atıb. Təbii ki, biz əvvəlcədən bilirdik ki, ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsini erməni lobbisinin qulbeçəsi olan bəzi beynəlxalq təşkilatlar, qərəzli dairələr, həmin dairələrin tipik nümayəndəsi C.Borrel kimilər həzm edə bilməyəcəklər. Ancaq onların qərəzkar mövqeyindən, nə deməsindən, necə düşünməsindən asılı olmayaraq Azərbaycan bu mötəbər tədbirə möhtəşəm ev sahibliyi edir.  Bu ünsürlərə ən tutarlı və sərrast cavabı da ölkəmizin başçısı verib.

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirib: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”. 

Gürünür, ölkəmizin başçısının COP29 -u boykot etməyə çağıran ünsürlərə haqlı iradları, layiqli, məntiqli, kəsərli cavabı C.Borrelə çox toxunub. O da götürüb “X” platformasında əlləri əsə-əsə necə deyərlər, standart ittihamlarla, əsassız iddialarla dolu boş bir namə yazıb. Aİ-nin erməni lobbisinin əlində alətə çevrilən “ali nümayəndəsi” yazır: “Prezident İ.Əliyevin Aİ, Fransa və Hollandiyaya qarşı ittihamları dərin təəssüf doğurur. Bu cür qəbuledilməz bəyanatlar konfransın mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinə inamı sarsıtmaq riski daşıyır. Biz Fransa və Hollandiyanı dəstəkləyirik. Aİ və onun ölkələri qlobal iqlim maliyyələşdirməsinə ən böyük töhfə verənlər və iqlim dəyişikliyi ilə mübarizədə dünya üzrə tərəfdaşları dəstəkləyirlər”.

Hə, bax, dananın quyruğu burada qopur. C.Borrelin Cənubi Qafqazda davamlı sülhə, əməkdaşlığa, təhlükəsizliyə daim əngəl törədən, Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən, Ermənistanı intensiv silahlandıran Fransanı, islamofob, türkofob, xristian təəssübkeşliyini heç zaman gizlətməyən Hollandiyanı açıq-aşkar müdafiə etməsi bir çox qaranlıq mətləbləri işıqlandırır...

Zahid Rza, “İki sahil”