Baş nazir Əli Əsədov Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında yeni qərar imzalayıb.
“İki sahil” xəbər verir ki, qərara əsasən Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qərara uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.