Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan məscidləri dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir.
44 günlük Vətən müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata görə 20 noyabr 2020-ci ildə Ağdam rayonu azad edildi. Bununla da 27 illik işğala son qoyuldu.Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət, mahir diplomatik manevrlər öz bəhrəsini verdi və Ağdam bir güllə belə atılmadan düşmən ordusunun qalıqlarından təmizləndi. 23 noyabr 2020-ci il tarixdə burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olundu. Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri