19 noyabr 2024 12:32
78

Yeni Azərbaycan Partiyası - zəngin və şərəfli Zəfər yoludur

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, o cümlədən ölkəmizin müstəqillik dövrü müstəsna əhəmiyyətə malik olan siyasi hadisələrlə zəngindir. Bunlardan biri də müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.

Bu gün müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür.

Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir.

Ölkəmiz ağır vəziyyətdə olarkən Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər. Xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli Liderimizə bağlanmışdı. Məlumdur ki, o zaman Ulu Öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə Ümummilli Liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdur ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə Ümummilli Lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu Öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli Liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli Lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü.

Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq Ulu Öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli Liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli Liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli Liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfranslarını keçirməyə başladı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu.

Bu gün partiyamiz öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Partiyamız qələbələr partiyası olduğunu sübuta yetirib. Bu, hər şeydən əvvəl, YAP-ın öz gücünü xalqın dəstəyindən aldığını göstərir və partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Xüsusilə də, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir.

Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də tarixi əhəmiyyətli və möhtəşəm nailiyyətlərə imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verəcək.

Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə bütün partiya üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri