19 noyabr 2024 13:55
97

Ağdam öz gözəlliyi və füsunkarlığı ilə ölkəmizin ən müasir məkanlarından birinə çevriləcək - Tahir Rzayev

Ağdam tarixən Qarabağın mərkəzi şəhərlərindən biri olub, özünün iqtisadiyyatına, mədəniyyətinə, təsərrüfatına görə daim fərqlənib. Ulu Öndərimiz Heydər Əliyev Ağdam haqqında deyirdi: "Ağdam bizim qüdrətli və qeyrətli oğulları ilə seçilən regionumuzdur və müqəddəs, ən əziz şəhərimizdir". Bu ifadələr bu gün Ağdama yeni bir məna verir. Xüsusilə, azad olunduqdan sonra Ağdamda həyata keçirilən tikinti, abadlıq, quruculuq işləri, şəhərin simasının dəyişdirilməsi üçün ölkə rəhbərinin həyata keçirdiyi tədbirlər bir daha göstərir ki, Ağdam Qarabağın ən gözəl guşələrindən biri kimi diqqətdədir və onun xoşbəxt gələcəyi üçün insanlar əlindən gələni əsirgəmirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə ölkə rəhbəri cənab İlham Əliyevin Ağdama bir neçə dəfə səfəri, burada şəhərin yenidən qurulması, abadlaşdırılması üçün mühüm layihələrə dəstək verməsi və Ağdamın Qarabağın ən görkəmli mərkəzlərindən birinə çevrilməsi üçün həyata keçirdiyi tədbirlər deməyə əsas verir ki, bu şəhər öz gözəlliyi, füsunkarlığı ilə gələcəkdə Azərbaycanın ən tanınmış məkanlardan birinə çevriləcək.

Tahir Rzayev qeyd etdi ki, bu gün nəinki ağdamlılar, bütün Azərbaycan xalqı Ağdamın inkişafından, onun qurulmasından, tikilməsindən, abadlaşdırılmasından qürur duyur. İllərlə düşmən tapdağı altında qalan, dağıdılan, məhv edilən Ağdam şəhəri bu gün özünün yeni bir həyatını yaşayır və Ağdam Şəhəri Gününün qeyd edilməsi bu günlər yeni bir məna, yeni bir rəy verir. Ölkə rəhbərininhəyata keçirdiyi siyasət nəticəsində 
Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək, burada yeni bir həyat qurulacaq və bu region dünyanın ən tanınan, seçilən məkanlardan biri kimi şöhrətlənəcək. Ağdam Şəhəri Günü münasibətilə hər bir vətəndaşımızı təbrik edir və şəhərin abadlaşdırılmasında, qurulmasında zəhməti olan hər bir insana təşəkkürlərimizi bildiririk.

Səbinə Kazımova, “İki sahil”