Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi.
Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını təmin edən ən güclü qüvvələrdən biri olan Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi strateji hədəflər və prinsiplər dövlətimizin milli maraqlarına və müasir dövrün çağırışlarına uyğun olaraq formalaşdırılmışdır. YAP-ın liderliyi ilə ölkəmizin inkişafı və xalqın rifahının təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın gələcək nəsilləri üçün güclü və dayanıqlı təməl yaradacaqdır.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı