21 noyabr 2024 13:05
178

YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il keçir. Artıq hər bir bayramı, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan hadisələri, əlamətdar tarixləri Zəfər ruhunda qeyd edir və bundan böyük qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan qalib Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır. 

Bu gün partiyanın yaradılmasının 32 illiyini yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəfləri fonunda qeyd edirik. Bu dövrün mühüm hadisələrindən biri  dünyanın diqqətini Azərbaycana, o cümlədən azad edilmiş ərazilərimizə yönəldən  prezident və parlament seçkiləri oldu. Hər iki seçki prosesinin Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətinin təqdimatı, Heydər Əliyev ideyalarına sədaqətin,  xalqın həyata keçirilən siyasətə inamının, dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyevə etimadının göstəricisi kimi qeyd edirik. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsi  yeni dövrün Azərbaycanının yeni hədəflərə doğru böyük qətiyyətlə addımlamasına stimul oldu.

Dövlətimizin başçısı İlham Əliyev son 21 ilin uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan çətin durumla, faciələrlə üz-üzə qaldı. Müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayan Azərbaycanın xilası 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə hakimiyyətə qayıdışından sonra başladı. Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik yalnız sözdə idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox!  

Bu məqam da daim qeyd edilir ki, hər bir ölkənin gələcəyi ilə bağlı dönüş nöqtələri olur.  Xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının  Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı  müraciəti, 1992-ci il 21 noyabr tarixində  partiyanın təsis konfransının keçirilməsi Azərbaycanın həyatında dönüş nöqtələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə  yarandı.  Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti, Ümummilli  Liderin bu müraciətə çavabı həmin dövrün reallıqları ilə yanaşı, mövcud çətin vəziyyətdən xilas yollarını özündə əks etdirmişdi. Ulu Öndər çavabında belə bir partiyanın yaradılmasına razılığını ifadə etməklə yanaşı, böyük gələcəyi olacağına da əminliyini bildirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 32 ilə nəzər saldıqda xalqın bu partiyaya inamının və etimadının saysız-hesabsız uğurlara yol açmasından   böyük qürur hissi keçiririk. Partiyanın gücünü, nüfuzunu şərtləndirən əsas faktorlar Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olması və Prezident İlham Əliyevin rəhbərliyidir. Dövlətimizin siyasəti nəticəsində qazanılan uğurlar partiyanın  nüfuzunu artırır, yeri və mövqeyini möhkəmləndirir. Uğurlarımızda payı olan Yeni Azərbaycan Partiyasının  hər bir hədəfi Azərbaycanın qüdrətlənməsinə, xalqımızın yüksək rifah şəraitində yaşamasına xidmət edir.

Ulu Öndər Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi.  Qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası  çətin və şərəfli  yol keçib. Partiyanın qurultaylarında qəbul edilən qərarlar ölkəmizin davamlı uğurlarında öz sözünü deyir. Belə ki,  Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən  III qurultayında partiyanın yeni Sədri  Prezident İlham Əliyev seçildi. Ümumilikdə 2003-cü ildən sonrakı dövr Azərbaycanın  bugünü və gələcəyi üçün mühüm addımlarla, uğurlarla zəngindir. Reallıq budur ki, müstəqil tariximizin ən həlledici məqamlarından biri  məhz 2003-cü il  idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqlədi. Yəni, Ulu Öndər  Heydər Əliyev siyasəti davam etdirildi. Xalq bu siyasətə dəstəyini ifadə edərək cənab İlham Əliyevə səs verdi. Prezident İlham Əliyevin çıxışlarında diqqət yönəldilən reallıqlardan biri məhz bu olur ki,  əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi: “Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi”.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə  sabitliyin yaradılması Azərbaycanın dayanıqlı inkişafına geniş yol açdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Son 21 ilin uğurlarının ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin yaratdığı reallıqlara əsasən VII qurultayını keçirdi. Bu qurultay partiyanın həyatında tarixi hadisə kimi dəyərləndirildi. Qəbul edilən yeni qərarlar gələcək inkişafa stimuldur. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altında hazırlanan və təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün 11 strateji hədəfi öz əksini tapıb.  

Yeni Azərbaycan Partiyası 32 il ərzində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək Azərbaycanın inkişafına müstəsna töhfələr verib. 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 800 minə yaxın üzv birləşir. Bu inam və etimad onun ümumxalq və qələbələr partiyasına çevrilməsini şərtləndirdi. Yeni Azərbaycan Partiyası ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbə qazanaraq siyasi həyatda və ictimai rəydə lider partiya olduğunu  təsdiqləyir.  Yeni Azərbaycan Partiyası bundan sonra da  üzərinə düşən vəzifələri layiqincə  yerinə yetirməklə Azərbaycanın tərəqqisinə, yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək. Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında keçilən yolun təhlili əsasında bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Səlim Rəhimzadə
"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi