Azərbaycandan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım müşahidə olunur.
Kənd Təsərrüfatı Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, aqrar məhsulların ixrac həcmi artdıqca, ixracın coğrafiyası da genişlənir. Azərbaycandan kənd təsərrüfatı məhsulları əsasən ənənəvi bazarlara, Rusiya, Belarus və digər MDB ölkələrinə ixrac olunsa da, ixrac coğrafiyasına yeni ölkələr də daxil olmaqdadır.
2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 740.6 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 11.0 faiz artıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda pomidor ixracında 12.4 faiz, xurma ixracında 14.7 faiz, tütün xammalı ixracında 5.1 dəfə, pambıq mahlıcı ixracında 63.3 faiz artım qeydə alınıb.
Bu müddət ərzində ölkəmizdən 142 milyon dollar dəyərində pomidor, 52.9 milyon dollar dəyərində xurma, 21.5 milyon dollar dəyərində tütün xammalı, 160.4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac olunub.