27 noyabr 2024 10:37
69

O gün hökmən gələcək...

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi ədalətin bərpası olacaq

Azərbaycan xalqı ötən iki əsrdə Ermənistan tərəfindən məruz qaldığı silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Qərbi Azərbaycan ərazisində yüz illər boyu həyata keçirilən soyqırımı siyasətində təkcə insanlar vəhşiliklə öldürülməyib, qovulmayıb, ədalətsiz sürgünlərə, deportasiyalara, repressiyalara məruz qalmayıb həm də yüz, min illərlə babalarımızın o torpaqlarda yaratdıqları tarixi abidələr, adət-ənənələr də vandalizmin qurbanı olub.

2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaratdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. Bu məsələ növbəti tarix, dövr üçün ən mühüm taleyüklü bir məsələ olaraq artıq ölkəmizin gündəliyinə daxil edilib. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən birinin məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsi olduğunu vurğulayaraq deyib: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Qeyd edək ki, ötən il yanvarın 26-da Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin olunması barədə Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müd beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib və edir. Bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi azərbaycanlılara da şamil edilməlidir.

Cari ilin sentyabrın 30-da Prezident İlham Əliyev böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı bir daha Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurd-yuvasına qayıdış hüququnu xatırladıb. Dövlətimizin başçısı Qarabağa, Şərqi Zəngəzura qayıdış hissi yaşayan soydaşlarımız kimi, Qərbi Azərbaycandan olan həmvətənlərimizin də bu sevinci yaşayacağına inandığını vurğulayaraq deyib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

2024-cü il dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək. Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnun diqqət mərkəzində olacağı tədbirə 51 ölkədən 100-dən çox xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.

Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq.

Xatırladaq ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. O vaxt “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Şəmsiyyə Əliqızı, “İki sahil”