27 noyabr 2024 14:26
138

Gələn ilin büdcəsi ölkə rəhbərliyinin əhalinin sosial rifah məsələsinə göstərdiyi diqqətin təsdiqidir - EKSPERT

Azərbaycanın dövlət büdcəsində dayanıqlı trendlərin müşahidə olunması ölkə rəhbərliyinin qabaqlayıcı siyasətinin effektivliyinin göstəricilərindəndir

“2025-ci ilin dövlət büdcəsi dayanıqlı və müsbət dinamikalı göstəriciləri özündə ehtiva etməkdədir. İlk olaraq 2025-ci il üçün dövlət büdcəsinin gəlirlərini şərh etsək görərik ki, proqnoz layihədə büdcə gəlirlərinin 38.3 milyard manat olması gözlənilir ki, bu da ötən ilin proqnoz layihəsi ilə müqayisədə 5.3 faiz daha yüksəkdir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Odlar Yurdu Universitetinin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının baş müəllimi, iqtisadçı-ekspert  Aslan Əzimzadə bildirdi. 

İqtisadçı-ekspertin sözlərinə görə, büdcə gəlirlərinin struktunu təhlil etdiyimiz zaman deyə bilərik ki, demək olar ki, bu istiqamətdəki bütün bəndlərdə artım müşahidə olunmaqdadır. Bunlardan bəzilərini şərh etsək belə bir nəticəyə gəlmək olar ki, 2024-cü ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2025-ci ilin proqnozlaşdırılan büdcə gəlirlərinin strukturunda fiziki şəxslərin gəlir vergisində 9.9 faiz, hüquqi şəxslərin əmlak vergisində 7.7 faiz, vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalarda 15.4 faiz, gömrük rüsumlarında 3 faiz, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarda isə 5.3 faizlik artım müşahidə olunmaqdadır. Eyni zamanda, dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətini təhlil etsək burada da artım görünməkdədir. Proqnoz layihəsi çərçivəsində dövlət büdcəsi gəlirləri ÜDM-in 29.7 faizini təşkil edəcəyi gözlənilir. 

Aslan Əzimzadənin sözlərinə görə, büdcə xərclərini şərh etdiyimiz zaman isə görürük ki, dayanıqlı inkişafın əsas istiqamətləri üzrə proqnozlaşdırılan büdcə xərclərində artım müşahidə edilməkdədir. Belə ki, 2024-cü ilin yenidən baxılmış proqnozu ilə müqayisədə müdafiə və milli təhlükəsizlik xərclərinin, təhsil xərclərinin, sosial müdafiə və sosial təminat xərclərinin ümumi xərclərdəki payı müvafiq olaraq 20.3, 12 və 11.6 faiz olacağı proqnozlaşdırılmışdır ki, bu da dünya iqtisadiyyatında formalaşan turbulentlik dövründə ölkə rəhbərliyinin əhalinin sosial-iqtisadi rifahı məsələsinə göstərdiyi diqqətinin başlıca sübutlarındadır. Bütövlükdə dövlət büdcəsinin xərclərinin 2025-ci il üçün proqnozlaşdırılan həcmi 41.3 milyard manatdır ki, bu da ötən ilin proqnozlaşdırılmış göstəriciləri ilə müqayisədə 4.1 faiz daha çoxdur. 

Müsahibimiz diqqətə çatdırdı ki, təhlil onu göstərir ki, dünya təsərrüfat sistemində formalaşmış dərin böhran çərçivəsində Azərbaycanın dövlət büdcəsində dayanıqlı trendlərin müşahidə olunması ölkə rəhbərliyinin qabaqlayıcı siyasətinin effektivliyinin göstəricilərindəndir. Belə ki, heç də bütün inkişaf etmiş ölkələrdə sözügedən böhran çərçivəsində bu formada artan templərlə dövlət büdcəsi müşahidə olunmamaqdadır.

Yaqut Ağaşahqızı, “İki sahil”