27 noyabr 2024 17:15
81

Bərdədə bank əməkdaşı həbs edilib

"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

“İki sahil” xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov ilə əlbir olduğu qeyd edilib. Onların ikisinə də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.

Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.