Yeni yaradılan aqroparklar bol kənd təsərrüfatı məhsullarının istehsalına və ucuzlaşmasına şərait yaradacaq
Son 10 ildə Azərbaycanın kənd təsəprrüfatında məhsul istehsalının artırılması üçün önəmli layihələr həyata keçirilib. Bunlardan biri də ölkədə fəaliyyət göstərən aqroparklardır. Bu kənd təsərrüfatı müəssisələrinin ölkəmizin ərzaq təhlükəsizliyində və aqrar sahənin inkişafında önəmli payı var. Qeyd edək ki, aqroparkların yaradılmasında dövlət tərəfindən yatırılan investisiyaların həcmi də genişdir.
Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların istehsalının artırılmasında və ixrac potensialının gücləndirilməsində əhəmiyyətli rol oynayır.
Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5500-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.2023-cü ilin ötən dövründə aqroparklarda 152,4 min ton buğda, 71,4 min ton arpa, 115 min ton dən qarğıdalı, 13,7 min ton yonca, 19 min ton süd və 1,3 min ton ət istehsal olunub.
Qeyd edək ki, ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentlik sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olur.
Son 5 ildə 25 aqroparka 184 milyon manatdan çox güzəştli kredit ayrılıb. Onlardan 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib. Həmin aqroparklardan 3-ü artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərir. O da məlumdur ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi, kənd təsərrüfatı və turizm potensialı çox böyükdür: «Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq».
Xatırladaq ki, işğaldan əvvəl Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır.
Son bir neçə ildə Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində yerli ərzaqlıq buğda istehsalı ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq prioritet məsələdir.
Digər mühüm faktlardan biri də odur ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 100 faiz səviyyəsinə çatdırmaqdır. Ona görə ki, Laçının və Kəlbəcərin yaylaqları, geniş otlaq sahələri də artıq fermerlərin istifadəsinə verilib. İndi bu dağ rayonlarında onminlərlə böyük baş və xırdabuynuzlu heyvanlar saxlanılır.
Ölkəmizin başçısı işğaldan azad olunmuş torpaqların aqrar potensialını qiymətləndirərkən demişdir ki, bu rayonlarda heyvandarlığın və əkinçiliyin çox böyük perspektivləri var: « Biz vaxt itirmədən artıq bir neçə ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.»
Bir sözlə, bu gün Azərbaycan dövlətinin aqrar sahəyə diqqət və qayğısı bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların verilməsi ölkənin taxıl ehtiyatlarını, ərzaq məhsullarının istehsalını artırmaq istiqamətində önəmli addımlardır.
Elçin Zaman, «İki sahil»