30 noyabr 2024 03:01
277

TDT-nin əsas hədəflərindən biri də iqtisadi əməkdaşlığı dərinləşdirməkdir

Üzv ölkələrin yüksək iqtisadi göstəriciləri bu təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyətindən xəbər verir

Türk Dövlətləri Təşkilatının (TDT) qarşısındakı hədəf  yalnız siyasi-mənəvi  birlik deyil, həm də səmərəli iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Məhz bu mənada 2024-cü ilin noyabrın 6-da  Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə türk dünyasının gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə olunub. Sammitdə Türk Dünyası Xartiyası qəbul edilib və yeddi mühüm sənəd imzalanıb. Həmin sənədlərdə ortaq iqtisadi məsələrdə öz əksini tapıb.

Hazırda TDT üzv ölkələrinin yüksək iqtisadi göstəriciləri bu təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyətindən  xəbər verir. Belə ki, 2023-cü ildə təşkilat ölkələrinin ümumi ÜDM-i 1,82 trilyon ABŞ dollarından çox olub ki, bu da əvvəlki ilə nisbətən 18 faiz artım deməkdir. Ümumiyyətlə, hazırda təşkilata üzv dövlətlərin iqtisadiyyatı   dünya ÜDM-nin təxminən 3 faizini təşkil edir.

Bir sözlə, türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. 2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3 faizlik artımla 1,48 trilyon ABŞ dollarına yüksəlib. Bu artım TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsinin və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılmasının bariz göstəricisidir.

Həmçinin TDT ölkələri arasında ticarətin həcmi  2022-ci ildə 30,9 milyard dollardan 2023-cü ildə 38,3 milyard dollara yüksəlib ki, bu da 24 faizlik bir artımı ifadə edir. 2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcmi 45 milyard ABŞ dollarını keçib ki, bu müsbət tendensiya təşkilat ölkələri arasındakı ticarət dövriyyəsinin gücləndiyini göstərir. Bundan başqa, xarici ticarətdəki artım sürəti dinamikası türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğundan və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağından xəbər verir. TDT ölkələrinin iqtisadi inkişafı imkan verir ki, həmin ölkələrə investisiya yatırımının həcmi də genişlənsin. Hazırda bu ölkələrə  yönələn xarici birbaşa investisiya  2023-cü ildə 24 milyarddan çox olub.

Ölkəmiz TDT-nin  iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Həm Şərq- Qərb nəqliyyat dəhlizindəki aparıcı rolumuz, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki səmərəli təşəbbüslərimiz ölkəmizin təşkilatda xüsusi yer tutduğunu göstərir. Azərbaycanın müvafiq sərmayələri Mərkəzi Asiya və Türkiyə arasında tranzit daşımaların sürətini artırmağa yönəldilib. 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycan ərazisindən keçən üzv və müşahidəçi dövlətlərlə tranzit daşımaların həcmi 15 faizlik artım göstərib, bu da həmin regionlarda ticarət imkanlarının inkişafına dair böyük bir potensialın olduğunu ortaya qoyub.

Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala malik olsa da onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas hədəflərdəndir.

Cari ildə TDT dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. Təşkilata üzv dövlətlərin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə təşkilata üzv ölkələrdəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18,6 trilyon kubmetr, neft ehtiyatları isə 5,3 milyard ton səviyyəsində qiymətləndirilir.

Xatırladaq ki, Milli Məclisin 4 aprel 2023-cü il tarixli iclasında «Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqın­da» 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan saziş təsdiqlənib. Bununla da TDT hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı məlumat mübadiləsi asanlaşıb. Yəni, belə bir layihənin icrası nəticəsində təşkilata üzv hökumətlər arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlu­matların elektron şəkildə mübadiləsi ger­çəkləşib. Nəticədə sürətli yük daşımaları, o cümlədən yük daşımaların həcmində nəzərəçarpacaq artıma nail olmaq reallaşıb. 

Bu gün Azərbaycan dövləti iqtisadi qüdrətinə rəğmən həm də xarici ölkələrə irihəcmli investisiyalar yatırır. Son 10 ildə ölkəmizin xarici ölkələrə yatırdığı sərmayələr təqribən 40 milyard dollardan çox olub.  Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatına isə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azər­baycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib. Ölkəmizin başçısı bu barədə deyib: «Türk Dövlətlə­ri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, bö­yük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəq­liyyat yollarıdır, gənc əhalidir, artan əhali­dir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etmə­liyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.» 

Elçin Zaman, «İki sahil»