29 noyabr 2024 23:09
204

Sənaye parkları Böyük Qayıdışa iqtisadi əsaslar yaradır

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə  qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye parklarının  yaradılması və onların fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

Bəri başdan qeyd edək ki, sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bu da iş adamlarının sənaye parklarına marağının artmasına əlavə  stimul verir.

Məlumat üçün bildirək ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.  Hazırda ölkəmizdə 8 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” və Hacıqabul Sənaye parkları) fəaliyyət göstərir.  Artıq onlardan bəziləri xarici ölkələrə məhsullar da ixrac edir. Məsələn, Mingəçevir Sənaye Parkında indiyədək 313 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85 faizdən çox hissəsi (267 milyon manat) “Made In Azerbaijan” brendi ilə Türkiyə, Rusiya və s. ölkələrə göndərilib.

Bir məsələni də vurğulayaq ki, məhz bu kimi müasir infrasturkturların sayəsində ixrac potensialmız artır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Prezident İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı zamanı Azərbaycanın suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə - Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılmasının iqtisadiyyatımız üçün çox müsbət nəticələr doğurduğunu diqqətə çatdırmışdır.

Qeyd edək ki, Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Burada indiyədək ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2 min 300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb. Bunun da hesabına parkın ərazisində fəaliyyətə başlamış 9 müəssisədə 370-dən artıq daimi iş yeri yaradılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında bu günlərdə məhsul ixracına başlanılıb. Belə ki, sənaye parkının rezidenti “Mister Decor” MMC tərəfindən ilk dəfə Gürcüstana divar kağızları ixrac edilib.  Bununla yanaşı, hazırda şirkət digər ölkələrə məhsul ixracı ilə bağlı danışıqlar aparır.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında hələlik kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərən bir müəssisə fəaliyyət göstərir. Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən sənaye parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb. Yeri gəlmişkən, dövlət başçımız oktyabr ayının əvvəlində Cəbrayıl rayonuna səfəri çərçivəsində bu sənaye parkında bir neçə müəssisənin də  təməlini qoyub. Şübhəsiz, həmin  ərazilərdə açılan hər bir müəssisə  bölgələrin inkişafını sürətləndirməyə, qeyri-neft sektorunun davamlı inkişafına, Böyük Qayıdış Proqramı çərçivəsində yurd-yuvalarına qayıdan insanların məşğulluğunu təmin etməyə, ölkə iqtisadiyyatına  yeni töhfələr verməyə, həmçinin idxalı əvəz edən məhsulların istehsalının artırılmasına hesablanıb.

Xatırladaq ki, ötən il işğaldan azad edilmiş ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri 298 milyard 679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274 milyard 772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 milyard 908 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə yüksək göstəricidir. Bu ilin göstəricilərinin daha yüksək olacağı şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”